“Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar”.
Azinformasiya.Az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.
“Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı – bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub”, – Prezident vurğulayıb.