Azərbaycan Ordusunun 44 gün ərzində erməni qoşunlarını məğlub etdiyi İkinci Qarabağ müharibəsinin gedişatı və nəticələri digər ölkələrin silahlı qüvvələri tərəfindən yaxından öyrənilir.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Yaroslav Mika “Defence24” portalına müsahibəsində danışıb.
General Mika tankların dövrünün keçməsi, onların müasir silahlar üçün asan bir hədəfə çevrilməsi haqqında müzakirələrə münasibət bildirib:
“Son münaqişələrin təcrübəsi və mümkün düşmən potensialının inkişafı onu göstərir ki, atəş gücü, çeviklik və tankların təmin etdiyi müdafiənin vəhdəti əvəzolunmazdır…”
Onun sözlərinə görə, bu, Polşanın yerləşdiyi ərazi üçün xüsusilə aktualdır:
“Müəyyən şəraitimiz, relyef və ekoloji təhlükələrimiz var. Bu şərtlər altında tanklar döyüş sahəsindəki çox vacib elementdir. Sözsüz ki, söhbət tapşırıqları yerinə yetirməyə hazır olan düzgün şəkildə təlimdən keçmiş ekipajdan gedir”.
Generalın İkinci Qarabağ müharibəsindən çıxardığı nəticələr də diqqətəlayiqdir. Onun fikrincə, bu qarşıdurma son zamanların digər lokal müharibələri kimi, kəşf və zərbə daxil olmaqla, pilotsuz döyüş sistemlərinin önəminin artdığını göstərib:
“Potensial düşmənin zərbə PUA-larını müəyyənləşdirib mübarizə apara bilməmək rəqibin asanlıqla hərbi texnika və canlı qüvvəni zərərsizləşdirməsinə yol açır”.
General Mika, pilotsuzlar daxil olmaqla daxil olmaqla döyüş sahəsindəki bütün kəşfiyyat və zərbə vasitələrinin vahid məlumat konturunda birləşdirilməli olduğunu qeyd edib:
“Bu, təhlükəni müəyyənləşdirmək və qiymətləndirmək qabiliyyətini artıracaq”.
O, Polşa ordusunun taktiki pilotsuz təyyarələrlə yanaşı, uzunmüddətli havada qalan operativ təyinatlı aparatlarla silahlanmalı olduğunu bildirib.
Generalın fikrincə, əsas məsələlərdən biri də dronlarla mübarizədir. Bunun üçün radioelektron mübarizə vasitələri ilə birgə eşelonlu hava hücumundan müdafiə kompleksi lazımdır:
“Digər tərəfdən, həqiqi təyyarələri imitasiya edən cihazlar ilə təchiz olunmuş sadə və ucuz pilotsuz sistemlərin istifadəsi düşmənin hava hücumundan müdafiə mövqelərini müəyyənləşdirmək üçün effektiv həll olaraq görünür”.