Azinformasiya.az Leqal.info-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Naridə Seyidova başına gələn problemlə bağlı Leqal.info saytına müraciət edib. Gənc xanım şikayətində yazır: “Mən, Seyidova Naridə Mir Məmməd qızı, 07 fevral 2025-ci il tarixində plastik-estetik cərrah Məhəmməd Poluxov tərəfindən Funda Hospitalda cərrahi əməliyyat olunmuşam. Əməliyyat zamanı mənim yalnız qaş qaldırma və alt göz blefaroplastikası istədiyim halda, həkim tərəfindən icazəm və razılığım olmadan əlavə olaraq üst göz blefaroplastikası, üz dartılması və göz dartılması əməliyyatları aparılmışdır.
Əməliyyatdan öncə dəfələrlə həkimə açıq şəkildə bildirmişdim ki, gözlərimə toxunulmasın, mən bu əməliyyata razı deyiləm. Hətta demişdim ki, “Mən gözlərimin aşiqiyəm, onları dəyişmək istəmirəm”. Buna baxmayaraq, həkim öz səlahiyyətlərini və pasiyentin iradəsini kobud şəkildə pozaraq mənim üz quruluşuma və gözlərimə icazəsiz müdaxilə etmişdir.
Əməliyyatdan sonra üzümün simmetriyası pozulub, yanağım əyilib, gözlərim biri yuxarıda, biri aşağıda, biri uzun, digəri isə yumru formadadır. Sağ gözüm davamlı ağrıyır, su axır və görmə narahatlığı yaradır.
Əməliyyatın səhv nəticəsi ilə bağlı dəfələrlə həkimin qəbuluna getmişəm, lakin hər dəfə “6 ay sonra düzələcək” kimi bəhanələrlə aldadılmışam. Artıq 9 ay keçməsinə baxmayaraq, üzümdəki qüsurlar qalmaqdadır.
Sonuncu dəfə bir ay öncə həkim Məhəmməd Poluxovla təkrar görüşmüşəm. Görüşdə həkim bu məsələni “qısa zamanda həll edəcəyini” desə də, verilən sözlər yerinə yetirilməmiş, əksinə, məsələni ört-basdır etməyə cəhd göstərilmişdir.
Hətta tərəfimizdən məsələ həll olunmazsa prokurorluq və hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirildikdə, həkim Məhəmməd Poluxov tərəfindən “bizim yuxarıda da adamımız var, bu məsələni uzatmayın” kimi təhdid xarakterli ifadə işlədilmişdir.
Mən bu davranışı pasiyentin hüquqlarının, tibbi etikanın və insan ləyaqətinin kobud şəkildə pozulması kimi qiymətləndirirəm. Dövlətimə, onun Müzəffər Ali Baş Komandanına və qanunlarımızın ədalətinə güvənərək bildirirəm ki, bu məsələni qanun çərçivəsində, hüquqi yollarla sonadək araşdırmaqda qərarlıyəm.
Bu paylaşımım həm ictimai diqqətin yönəldilməsi, həm də digər vətəndaşların bu cür hallardan qorunması məqsədi daşıyır. Mən ədalət tələb edirəm.
Şikayətlə bağlı qarşı tərəfi də dinləyə bilərik.
Azinformasiya.az