Ermənistan – Avropa İttifaqı arasında danışıqların üzvlük namizədliyi imkanları ilə heç bir əlaqəsi yoxdur.
Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano “Azadlıq Radiosu”nun Ermənistan bürosuna müsahibəsində deyib.
O bildirib ki, Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi fevral ayında Ermənistanla razılaşdırılıb.
“O zaman razılaşdıq ki, daha iddialı olacağıq və mövcud müqaviləni təzələyəcəyik. Biz artıq Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlara başlamışıq və məhz bu, Aİ-Ermənistan əməkdaşlığını qarşılıqlı maraq doğuran bütün sahələrdə genişləndirəcək bir yenilikdir, çünki Aİ-nin tərəfdaşlarla münasibətləri inkişaf etdirmək prinsiplərindən biri tərəfdaşın ambisiyalarına cavab verməkdir. Ermənistanın da etdiyi kimi, biz qarşı tərəfin daha dərin və intensiv əməkdaşlıq etmək istəyinin olduğunu görsək, buna cavab veririk.
Beləliklə, indi tərəfdaşlarımızın nə qədər irəli getməyə hazır olduğunu və hədəflərimizi uyğunlaşdırmağa hazır olduğumuzu görmək üçün bir gündəm müzakirə edirik”, – Peter Stano deyib.
Aİ rəsmisi əlavə edib ki, bu münasibətlərin üzvlük danışıqlarının başlaması ilə heç bir əlaqəsi yoxdur: “Bunun potensial üzvlük namizədliyi prosesi ilə heç bir əlaqəsi yoxdur. Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlar hər iki tərəfin birgə daha çox işlər görmək üçün qarşılıqlı istək və iradəsini əks etdirir, mövcud münasibətlərə əsaslanır. Hazırkı əlaqələr isə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə müəyyən edilir. Bu danışıqların potensial üzvlüyə namizədlik imkanları ilə heç bir əlaqəsi yoxdur, bunlar iki fərqli şeydir, bizim artıq Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimiz var və indi biz bu baza əsasında hansı sahələrdə daha sıx əməkdaşlıq edə biləcəyimizi müəyyən edirik”.
Azinformasiya.az