Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə
sərəncam imzalayıb.
Azinformasiya.Az-ın məlumatına görə, sərəncama “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə 60 manat, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə 50 manat təqaüd veriləcək.
Eyni zamanda dəyişikliyə görə dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə müəyyən edilmiş məbləğlərdə ödənilir.