“Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək”.
Azinformasiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək: “İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə həyata keçiriləcək. Növbəti rübün ödənişləri isə hər rübün ilk ayında veriləcək”.
Qeyd edək ki, fevralın 8-də Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur.