Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb.
Azinformasiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Hökümət rəhbəri bildirib ki, ötən gün İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb.
“Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq” – Baş nazir qeyd edib.
Onun sözlərinə əsasən, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib.
“Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, habelə Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində, Ermənistan Yerasx-Mehri (Arazdəyən-Mehri-red.) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək”, – Paşinyan vurğulayıb.
Azinformasiya.az