Özbəkistan QH-nin rolunun gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirir

QH-nin qlobal rolunun gücləndirilməsində, tanınmasında və səsinin daha da eşidilməsində Azərbaycanın səylərini yüksək qiymətləndiririk.

 

Azinformasiya.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Özbəkistan XİN başçısı Baxtiyor Saidov söyləyib.

“Bakı artıq vacib beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib. QH-nin rolunun gücləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi QH daxilində dinamikaya təsir edib, onu sürətləndirib. Bu gün qlobal ictimaiyyət böhranlarla üzləşir, ərzaq və enerji təhlükəsizliyinə olan təhdidlər regionlara təsir edir. QH ölkələri iqlim böhranı ilə qarşı-qarşıyadır. Hərəkat regional və beynəlxalq siyasətdə aparıcı qüvvəyə çevrilir. Təşkilat çərçivəsində ölkələr prioritet sahələrdə əməkdaşlığını gücləndirir, qlobal rolunu artırır”, – nazir vurğulayıb.

Özbəkistan xarici işlər naziri Əfqanıstandakı vəziyyət barədə də danışıb. Nazir deyib ki, Özbəkistan Əfqanıstana azalan diqqətdən narahatdır, belə yanaşma Əfqanıstanın qlobal təcridi ilə nəticələnə bilər: “İndi Əfqanıstanın şansı var ki, illərdir davam edən böhrandan çıxsın. Özbəkistan hökuməti BMT himayəsi altında Əfqanıstanla bağlı qlobal konfransın təşkilini təklif edib. Bununla əlaqədar sizin dəstəyinizi gözləyirik. Bundan başqa, Özbəkistan Prezidenti QH çərçivəsində hər il iqtisadi forumun keçirilməsini təklif edib”.

Nazir effektiv sədrliyə görə Azərbaycanı təbrik edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir