Macarıstanın baş naziri Viktor Orban parlament seçkilərində səs verib.
Azinformasiya.az Reuters-a istinadən xəbər verir ki, Baş nazir seçki məntəqəsinə şəxsi avtomobili ilə gəlib və həm yol boyu, həm də məntəqədə təhlükəsizlik xidməti tərəfindən müşayiət olunub.
Viktor Orban Budapeştin 12-ci rayonunda, evinin yaxınlığında yerləşən ibtidai məktəbin binasındakı seçki məntəqəsində səs verib. Səsvermədən sonra o, jurnalistlərə açıqlamasında deyib ki, əsas məqsədi qələbə qazanmaqdır: “Mən buraya qalib gəlmək üçün gəlmişəm. Avropa ciddi böhrana yaxınlaşır və Macarıstanın buna qarşı güclü milli birliyə ehtiyacı var”.
Macarıstanın Baş naziri seçkilərdən sonra ilk olaraq tərəfdarlarına təşəkkür edəcəyini bildirib.
Qeyd edək ki, Macarıstanda parlament seçkilərində 199 deputat yeri uğrunda mübarizə aparılır. Onlardan 93-ü partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülür. Hakim koalisiya — “FİDES ( Macarıstan Vətəndaş İttifaqı) və onun tərəfdaşı Xristian-Demokrat Xalq Partiyası (XDXP) müxalif “Tisa” Partiyası ilə rəqabət aparır. FİDES-ə Viktor Orban, “Tisa”ya isə Avropa Parlamentinin üzvü Peter Madyar rəhbərlik edir.
Seçkidən öncə aparılan rəy sorğuları hakim koalisiya və “Tisa” Partiyası arasında gərgin mübarizə gedəcəyini göstərir.
Azinformasiya.az