Macarıstan Baş naziri Viktor Orban hansı halda ölkəsinin Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq maliyyə yardımını bloklamayacağını deyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri “LePoint”ə müsahibəsində danışıb.
“Biz kompromis təklifi vermək qərarına gəldik: yaxşı, biz büdcə dəyişikliyi ilə razı deyilik. Biz razı deyilik ki, 50 milyard avro (Ukraynaya – red.) verməliyik, bu, böyük məbləğdir. Bu maliyyəni dörd il ərzində verməklə razılaşmırıq. Lakin Macarıstan iyirmi yeddiliyin (Aİ-yə üzv ölkələr – red.) həllində iştirak etməyə hazırdır, əgər onlar zəmanət versələr ki, hər il biz bu pulu göndərib-göndərməyəcəyimizə qərar verəcəyik və bu illik veriləcək bir qərar olacaq. Qərarın hər il indiki kimi hüquqi əsası olmalıdır: yekdil olmalıdır. Təəssüf ki, bu mövqe bəzi ölkələr tərəfindən hər il onları şantaj vasitəsi kimi başa düşülür və ya şərh edilir”, – Orban deyib.
Xatırladaq ki, keçən ilin dekabrında Macarıstanın Baş naziri 2027-ci ilə kimi Ukraynaya 50 milyard avro (17 milyard subsidiya daxil olmaqla) maliyyə dəstəyinin verilməsi qərarına veto qoyub.
Fevralın 1-də Aİ Şurasının büdcə ilə bağlı fövqəladə iclası keçiriləcək.
Azinformasiya.az