İsrail Baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə sülh razılaşması əldə etməyi planlaşdırır.
Azinformasiya.az xəbər verir ki, Netanyahu bu barədə “Bloomberg“ə müsahibəsində bildirib.
İsrail hökumət rəhbəri Ər-Riyadla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb:
“Siyasi iradə olan zaman İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq və sülhə müvəffəq olmaq üçün yol tapılacaq”, – İsrailin Baş naziri vurğulayıb.
Netanyahunun fikrincə, hətta ölkələr arasında rəsmi sülh müqaviləsi olmasa belə, iqtisadi əməkdaşlığı inkişaf etdirmək mümkündür və tərəflər Ərəbistan yarımadası vasitəsilə Asiyadan Avropaya keçən “iqtisadi dəhliz” yarada bilərlər:
“Söhbət enerji, nəqliyyat və kommunikasiya dəhlizlərindən gedir. Biz bunu gerçəkləşdirəcəyik və mənə elə gəlir ki, biz rəsmi sülh müqaviləsinin olub-olmamasından asılı olmayaraq bunu edə bilərik”.
Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşdırılması ilə bağlı Vaşinqtonda sənədlər imzalayıb.
Netanyahunun rəhbərlik etdiyi yeni hökumət 2022-ci ilin 29 dekabrında fəaliyyətə başlayıb və ilk iclas zamanı Baş nazir diqqətə çatdırıb ki, hökumətin əsas vəzifələrindən biri İsraillə daha çox ərəb dövlətləri arasında sülhün tez bir zamanda təmin edilməsi olacaq.
Azinformasiya.az