İsrail, Livanda şiə təşkilatı “Hizbullah”ın yenidən silahlanmağa çalışdığını hesab edir.
Azinformasiya.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.
O vurğulayıb ki, İsrail “özünümüdafiə hüququndan istifadə edəcək” və Livan tərəfindən yeni təhlükələrin yaranmasına imkan verməyəcək.
“Biz gözləyirik ki, Livan hökuməti vədlərinə əməl edib “Hizbullah”ı tərksilah etsin. Ancaq əlbəttə ki, biz atəşkəs şərtlərinə uyğun olaraq özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Livanın bizə qarşı yeni cəbhəyə çevrilməsinə imkan verməyəcəyik və lazım olduğu halda hərəkət edəcəyik”, — deyə Netanyahu bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats Livan hakimiyyətindən “Hizbullah”ın tərksilah edilməsini və cənub bölgələrindən çıxarılmasını sürətləndirməyi tələb etmişdi.
Azinformasiya.az