Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azinformasiya.Az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb. Prosesdə Mədəniyyət Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı əlavə olaraq 5 milyon 327 min 900 manat dəyərində mülki iddia qaldırıb.
Z.Sultanovun vəkili bildirib ki, zərərçəkmiş ittiham aktında göstərilən zərərin 4 milyon manatını ödəyib. 1,3 milyon manat isə depozitdədir. Ona görə də vəkil iddianın əsassız olduğunu bildirib.
Məhkəmə yerində müşavirə keçirib iddianı cinayət işinin materiallarına daxil edilməsi barədə qərar verib. Daha sonra Z.Sultanovun vəkili məhkəməyə əlavə vəsatətlər vermək üçün vaxt istəyib.
Proses noyabrın 18-də davam etdiriləcək.
Rəsmi ittihama görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinir.