Xərclərin əsas istiqamətləri müəyyən edilərkən ən ümdə prioritet kimi qəbul edilən və 2020-ci ildə Azərbaycan xalqının apardığı Vətən müharibəsi nəticəsində 30 ilə yaxın bir müddətdən sonra düşmən işğalından azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görülməsi, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı çağırışlar, eləcə də qlobal iqtisadi vəziyyət və tendensiyalar nəzərə alınıb.
Azinformasiya.Az xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, əsas xərc istiqamətləri ölkəmizin strateji sənədlərinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin son dövrlərdə imzaladığı fərman və sərəncamlarında, həmçinin müşavirə və rəsmi görüşlərdəki çıxışlarında müəyyən etdiyi istiqamətlərə və qarşıya qoyulmuş hədəflərə əsaslanaraq, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə qəbul edilmiş strateji yol xəritələri, müxtəlif sahələri əhatə edən dövlət proqramları, beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən layihələr və digər strateji sənədlər diqqətə alınaraq müəyyən edilib.
Dövlətin əsas funksiyalarının, o cümlədən sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmətlə bağlı xərclərin, eləcə də prioritet dövlət proqram və layihələrinin maliyyələşdirilməsinin davam etdirilməsi ilə yanaşı, dövlət vəsaitinin aşağıdakı əsas istiqamətlər üzrə ayrılması nəzərdə tutulur:
Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı təcavüzü, 30 ildən bəri davam edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayış məntəqəsi, yaşayış evləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb. Döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, minatəmizləmə tədbirlərinin təşkil olunmasına, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrasına başlanılıb. Növbəti illər ərzində isə bu tədbirlərin daha geniş miqyasda davam etdirilməsi, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi, sözügedən ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə ehtiyac vardır.
Bununla yanaşı, döyüş bölgəsindən kənarda yerləşən və düşmən silahlı qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub.
Eyni zamanda, hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dəstəyin göstərilməsi, onların zəruri ehtiyaclarının təmin edilməsi, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzində saxlanılacaqdır.