Azərbaycan Ordusunda təhlükəsizlik tədbirlərinin təşkili və həyata keçirilməsi müdafiə nazirinin əmr və göstərişlərinə uyğun olaraq, xüsusi qaydalarla və nəzərdə tutulan şərtlərlə tənzimlənir. Bəs atəş hazırlığı zamanı hansı təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməli və hansı şərtlərə əməl edilməlidir?
Azinformasiya.Az-ın məlumatına görə, nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti, mayor Xəyal Cumayəddinov “Azərbaycan Ordusu” qəzetinin sualını cavablandıraraq bildirib ki, atəş hazırlığı məşğələləri və atış hazırlığı çalışmaları zamanı təhlükəsizlik tədbirlərinin görülməsi birmənalı şəkildə vacib şərtdir.
“Atəş hazırlığı məşğələləri müdafiə nazirinin təsdiq etdiyi planlara əsasən və eyni zamanda, atış hazırlığı zamanı təhlükəsizlik tədbirləri müdafiə nazirinin 20 iyun 2019-cu il tarixli qərarına uyğun olaraq “Atıcı silahlardan, qumbaraatanlardan, minaatanlardan, tank əleyhinə idarə olunan raket qurğularından, döyüş maşınlarından və tanklardan atış kursu”nun tələbləri, şərtləri əsasında təşkil olunur və keçirilir”, – o vurğulayıb.
Atış kursunun 10-cu fəslinin 4-cü əlavəsinə əsasən tənzimlənən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verən mayor X.Cumayəddinov qeyd edib ki, ən əvvəl atışda təhlükəsizlik atışların düzgün təşkili, “Atış kursu”nda təyin olunmuş qayda və təhlükəsizlik tədbirlərinə dəqiq riayət edilməsi bütün hərbi qulluqçuların yüksək intizamı ilə təmin olunur: “Atış keçirilən hər bir obyektdə onun xüsusiyyətlərini və ərazi şəraitini nəzərə alaraq təhlükəsizlik tədbirləri üzrə təlimat hazırlanır və atışa çıxarılan bölmələrin şəxsi heyəti onları bilməlidir. Təhlükəsizlik tədbirlərini mənimsəməmiş şəxsi heyət atışa və atışa qulluğa buraxılmır. Hər bir hərbi qulluqçu atışda təhlükəsizlik tədbirlərini dəqiq yerinə yetirməlidir. Hərbi hissə və bölmə komandirləri onlara tabe olan şəxsi heyətin təhlükəsizlik tədbirlərinə dəqiq riayət etmələrinə tam məsuliyyət daşıyırlar. Atışdan əvvəl hədəf sahəsi yoxlanılmalı və atış ərazisindən insan, heyvan və maşınlar çıxarılmalıdır. Atış obyektində hərəkətə yalnız təlim mərkəzi rəisinin göstərdiyi yollarda və rayonlarda icazə verilir”.