Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azinformasiya.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.
Telefon zənginə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Dövlət başçısı İlham Əliyev də Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.
Azinformasiya.az