Milli Məclis Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihəni ilk oxunuşda təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Azinformasiya.Az xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir