YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovdan hədə ilə pul tələb etməkdə ittiham edilərək həbs olunan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) aclığa başlayıb
“AZİNFORMASİYA.AZ“ xəbər verir ki, bu barədə onun qohumları məlumat yayıb. Bildiriblər ki, M.Xəttab aclıq aksiyasına bu gün başlayıb: “Mahir barəsində çıxarılan hökmün ədalətli olmadığına etiraz edir. İşinə obyektiv baxılmasını istəyir. O, özünü günahkar hesab etmir. Deyir ki, barəsində heç bir cinayət olmadığı halda, sifarişlə ağır cəza təyin olunub”.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev Mahir Xəttabı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
İttihama görə, o, R.Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitin hədə-qorxu ilə almasına əsaslı şübhələr müəyyən edilib.