Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.
Azinformasiya.Az-ın xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumatı “Report”a təsdiqləyib.
Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1983-cü ildən başlayaraq 2012-ci ilədək prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.
16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
2016-cı ildə Prezidentin sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı verilib.