Biz regionda konkret praktiki addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq, Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze, İqtisadi Əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının 10-cu iclasının açılışında bildirib.
İrakli Kobaxidze qeyd edib ki, komissiyanın iclası iki ölkə arasında dinamik əməkdaşlığa təkan verəcək.
“Hər dəfə səfərimiz zamanı öz gözəlliyi və inkişaf tempi ilə bizi heyran edən bir şəhərdə – Bakıda olmaq mənim üçün böyük şərəfdir. Mən şadam ki, ilk dəfə olaraq 10-cu Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasına həmsədrlik etmək imkanı əldə edirəm. Mən dərindən əminəm ki, bugünkü görüş ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dinamik və səmərəli olması üçün, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq. Fürsətdən istifadə edərək, Azərbaycanı BMT-nin COP-29 konfransının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Şadam ki, COP-29-un işində iştirak etmək imkanım oldu. Mən bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə sizə təşəkkür etmək istəyirəm”, – Baş nazir bildirib.
İrakli Kobaxidzenin sözlərinə əsasən, regionda və dünyada sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə regional inkişafın və davamlı rifahın əsas şərti kimi sülh və sabitliyə daha da böyük önəm verilir.
“Əminəm ki, birgə səylərlə biz nəinki bütün çətinliklərin öhdəsindən gələcəyik, hətta daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret əməli addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq. Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir”, – deyə Baş nazir bildirib.
Azinformasiya.az