Bizim Aİ-yə inteqrasiya öhdəliyimiz güclü qalır, ancaq biz öz ləyaqətimizi və suverenliyimizi qurban verməyəcəyik.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.
“Bu gün Qərb yol ayrıcındadır. Yalnız siyasi Qərb yox, sivil Qərb – xristian və demokratik dəyərlər Qərbi. Biz bura öz kimliyimizi, tanrının verdiyi kim olmaq hüququmuzu müdafiə etmək üçün toplanmışıq. Biz Qərblə münaqişədə olacaq mövqedə deyilik, çünki biz Qərbin bir parçasıyıq – həqiqi Qərbin”, – Kobaxidze deyib.
Baş nazir Avropanın Gürcüstanın suverenlik və demokratiya haqqını tanımalı olduğunu, Gürcüstanın ikili standartları qəbul etməyəcəyini deyib.
“Biz Avropa xalqıyıq. Tariximiz, mədəniyyətimiz, kimliyimiz – bunların hamısı avropalıdır. Lakin Avropa bürokratiyası bizim suverenlik və demokratiya haqqımızı tanımalıdır. Avropayönümlü olmaq anti-Gürcüstan olmaq anlamına gəlməməlidir. Biz güclü şəxsiyyətə malik millətlərdən ibarət Avropaya inanırıq və qürurla Macarıstanda və onun hüdudlarından kənarda vətənpərvərliyin pis bir şey deyil, fəzilət olduğunu düşünənlərin yanındayıq.
Avrointeqrasiyaya sadiqliyimiz güclü olaraq qalır, lakin biz ləyaqətimizi və suverenliyimizi qurban verməyəcəyik. Biz ikili standartları qəbul etməyəcəyik, siyasi mənfəət naminə kimliyimizlə alver etməyəcəyik”, – Kobaxidze vurğulayıb.
Azinformasiya.az