Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan hökumətindəki mənbəsinə istinadən yazıb.
Nəşrin məlumatına əsasən, sentyabrın 9-da Ermənistan Baş naziri ABŞ dövlət katibi, Fransa Prezidenti, Almaniya Kansleri, İran Prezidenti və Gürcüstan Baş naziri ilə telefon əlaqəsi saxlayıb. İki gün sonra isə o, Putinlə əlaqə saxlamağa cəhd edib.
Bir neçə gün sonra isə Baş nazir Paşinyan qeyri-müəyyən şəkildə bildirib ki, o, Putinlə daimi təmasdadır və Rusiya lideri Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır. Putin də öz növbəsində bildirib ki, o Paşinyandan “geniş məktub alıb”.
“Hökumətdəki mənbələrimizə əsasən, Paşinyan zəng edib, ancaq Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib.
Hakimiyyətə yaxın mənbə söyləyir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onların Rusiyaya qarşı olmadığına inandırıb. Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb”, – nəşr qeyd edib.
Azinformasiya.az