KİV: Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb

HAMAS-ın siyasi lideri İsmayıl Haniyə qaldığı Tehrandakı qonaq evinə gizli şəkildə gətirilən partlayıcı qurğunun partladılması nəticəsində öldürülüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “New York Times” iki iranlı və bir Amerika rəsmisi də daxil olmaqla Yaxın Şərq ölkələrindən olan 7 rəsmiyə istinadən yazıb.

Yaxın Şərq rəsmilərindən beşinin dediyinə görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib.

NYT yazır ki, partlayışın baş verdiyi qonaq evi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən mühafizə olunur və bu qonaq evi Tehranın şimalındakı yüksək səviyyəli məhəllədə yerləşən Neşat kimi tanınan böyük kompleksin bir hissəsidir.

Qeyd edək ki, Haniyə İran prezidentinin andiçmə mərasimi üçün İranın paytaxtında olub. Beş rəsminin dediyinə əsasən, onun qonaq evindəki otağında olduğu təsdiqləndikdən sonra bomba uzaqdan partladılıb.

Yaxın Şərq rəsmilərinin bildirdiyinə görə, Haniyə Tehrana səfər edərkən bir neçə dəfə bu qonaq evində qalıb.

Qətldən bir neçə saat sonra, fərziyyələr dərhal İsrailin aprel ayında İsfahandakı hərbi bazaya raket atmasına bənzər bir pilotsuz təyyarə və ya təyyarədən atılan raket zərbəsi ilə İsmayıl Haniyəni öldürməsi ehtimalına yönəlib.

Bu fərziyyə İsrailin Tehranda hava hücumunu həyata keçirmək üçün İranın hava hücumundan müdafiə sistemlərindən necə yayına bildiyi ilə bağlı suallar yaradıb.

NYT yazır ki, partlayıcı qurğu məsələsindən sonra aydın olur ki, sui-qəsdçilər İranın müdafiəsindəki fərqli bir boşluqdan istifadə edə biliblər. Guya sıx mühafizə olunan kompleksin təhlükəsizliyi pozulub, bomba yerləşdirilib və partlayış həyata keçirilənə qədər həftələr ərzində bu gizli qalıb.

Üç İran rəsmisinin sözlərinə görə, belə bir pozuntu İran üçün kəşfiyyat və təhlükəsizlik sahəsində fəlakət sayılacaq uğursuzluqdur və bu, İslam İnqilabı Keşikçiləri üçün üçün böyük utancdır.

Nəşr yazır ki, qonaq evində bombanın necə yerləşdirilməsi hələ də qaranlıq qalır. Yaxın Şərq rəsmiləri bildiriblər ki, sui-qəsdin planlaşdırılması aylar çəkib və binaya geniş nəzarət tələb olunub. Sui-qəsdin mahiyyətini izah edən iki İran rəsmisi partlayıcının otağa necə və nə vaxt qoyulduğunu bilmədiklərini bildiriblər.

Yaxın Şərq rəsmilərinin, eləcə də iranlıların dediyinə görə, yerli vaxtla gecə saat 02:00 radələrində cihaz partlayıb.

İran rəsmilərindən ikisi Fələstin İslami-Cihadının lideri Ziyad ən-Nəxalənin Haniyənin qonşuluğunda qaldığını bildirib. Ancaq onun otağına ciddi ziyan dəyməyib və bu da İsmayıl Haniyənin hədəf alınmasının dəqiq olduğunu təsdiqləyir.

Hücumla bağlı məlumat verən iki İran rəsmisi deyib ki, SEPAH partlayışın məhz Haniyənin otağında baş verdiyini təsdiqləyib və ilkin araşdırmalara görə partlayıcılar bir müddət əvvəl oraya yerləşdirilib.

Onlar hücumun dəqiqliyini və mürəkkəbliyini nəzərə alaraq otaqdakı partlayıcının uzaqdan idarə olunan qurğu ilə partladıldığını deyiblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir