Keçmiş müşaviri Makronun Ukraynanın NATO-ya üzvlüyünə dair planını şərh edib

NATO-ya üzv olmaq uğrunda Ukraynada çox qan töküləcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronun sabiq müşaviri və Fransanın BMT-dəki hərbi missiyasının rəhbəri general Dominik Trenkant “Marianne” nəşrinə müsahibəsində söyləyib.

Trenkant jurnalistin ona ünvanladığı “Ukrayna tezliklə NATO-ya üzv olacaqmı? Kiyev Alyansa üzv olarsa, necə olacaq?” suallarına cavab verərək bildirib ki, ilk növbədə Ukraynada NATO uğrunda çox qan tökəcək. Fransa tərəfinin niyə indi Ukraynanın NATO-ya üzv olmasını dəstəkləməyə qərar verdiyini şərh edən general bildirib ki, bunun 2 səbəbi var.

“Birincisi, Fransa Ukraynanın NATO-ya üzvlüyü ideyasını uzun müddətdir dəstəkləyən Şərqi Avropa ölkələri ilə münaqişəyə girmək istəmir. Rusiya-Ukrayna münaqişəsinin ön sıralarında məhz bu ölkələr yer alır. Yaxın keçmişdə Fransanın bu dövlətlərlə yaxınlaşma strategiyası hazırlanıb və Fransa Prezidenti Makron 2 iyun tarixində Moldovada Avropa Siyasi Birliyinin ikinci iclasında bu barədə bəyan edib.

İkinci olaraq isə, Paris, əlbəttə ki, məsələni yenidən gündəmə gətirmək istəyir, çünki münaqişə təxminən il yarımdır davam edir və Rusiya Prezidenti Vladimir Putinə təzyiq etmək lazımdır ki, əgər o, mübarizəni davam etdirsə, birbaşa NATO ilə qarşı-qarşıya qalacaq”, – Trenkant qeyd edib.

Onun sözlərinə əsasən, Fransanın Putinə mesajı budur: “Siz artıq çox uzağa getdiniz və danışıqların vaxtının gəlib çatdığını başa düşməlisiniz”.

Trenkant bildirib ki, 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə keçiriləcək sammiti ilə bağlı hazırda Fransanın doktrinası dəyişir və Fransa Ukraynanın NATO-ya üzv olmasının mümkünlüyü ilə əlaqədar mövqeyini müdafiə etməli olacaq. Parisin niyə indiyə kimi Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxmasını şərh edən Trenkantın fikrincə, Fransanın mövqeyi yalnız müəyyən dərəcədə dəyişib, çünki hazırda Ukraynanın NATO-ya dərhal üzv olmasından danışılmır, belə tez qərarın qəbul edilməsi məhsuldar olmamaqla birlikdə, eyni zamanda çox riskli olardı: “Ukrayna tez bir zamanda Şimal Alyansına üzv olsa, NATO Müqaviləsinin 5-ci maddəsinə görə, Alyans Rusiyaya qarşı müharibəyə getməli olacaq, çünki kollektiv müdafiə haqqında razılaşma Alyansın bir üzvünə hücumun bütün müttəfiqlərə qarşı hücum hesab edilməsini nəzərdə tutur. Buna görə də Kiyev hələlik NATO olmadan təkbaşına mübarizə aparsın”, – o diqqətə çatdırıb.

Trenkant, həmçinin qeyd edib ki, Fransanın açıq mövqe nümayiş etdirməsinin uzunmüddətli perspektivdə nəticələri olacaq: “Paris münaqişə bitdikdən sonra Ukraynanı Alyansa qəbul etməyi təklif edir, ancaq hazırda NATO-ya üzv olan 31 dövlətin razılığı ilə danışıqlara başlamaq və hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynanın Alyansa daxil olması ilə bağlı bəndi əhatə edən saziş imzalamaq mümkündür. Fransanın bəyanatları Ukrayna üçün əlavə təhlükəsizlik zəmanətləri ilə bağlı perspektivlər yaradır. Ukraynaya gəlincə isə, NATO-ya daxil olduqdan sonra bütün Alyansa üzv ölkələr Vladimir Zelenskiyə indiki kimi davranmaması, müvəffəq olmaq istədiyi məqsədlərə daha realist yanaşması ilə bağlı müraciət edə biləcək. Onun məqsədlərinin nədən ibarət olmasını öyrənmək üçün isə Ukrayna ordusunun əks-hücum əməliyyatlarının sonuna kimi gözləməliyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir