Şəki rayonu, İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Azinformasiya.Az-a Şəki rayon prokurorluğundan bildirilib.
Aparılmış araşdırma ilə müəyyən edilib ki, İnçə bələdiyyəsinin sabiq sədri Qafqaz Mustafayev öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini mülkiyyət və icarələrinə verəcəyinə dair yalan vədlər verib aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, araşdırmalarla torpaq sahəsi ayrılmış 7 nəfər şəxs tərəfindən bələdiyyə büdcəsinə ümumilikdə 2 min 86 manat məbləğində pul ödənilsə də, həmin şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə iclasında qərar qəbul edilməməsi, eləcə də bələdiyyə büdcəsindən 2 min 158 manat pulun mənimsənilməsi müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.2, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.