Ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən və aztəminatlı insanları təhqir edən “Gelandevagen” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Samid Bağırovun uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinədarı olub.
AZİNFORMASİYA.AZ xəbər verir ki, bu barədə məlumatı Bakupost.az yayıb. Sayt iddia edib ki, o, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.
Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.
“Akkord” Şirkətlər Qrupu da S.Bağırovun bu şirkətin Maliyyə şöbəsində mütəxəssis kimi çalışdığını təsdiqləyib.
“Lakin 2020-ci ilin dekabrında vəzifəsindən azad olunub. Hazırda həmin şəxs bizim şirkətdə işləmir. Zakir Qaralovun yaxını olması məsələsinə gəldikdə isə, onunla heç bir əlaqəsi yoxdur. Bu məlumat yanlışdır”, – şirkətdən bildirilib.
Qeyd edək ki, kasıb insanları harınlıqla təhqir edən S.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və onunla profilaktik səhbət aparılıb. Polis idarəsində S.Bağırov əməlindən peşman olduğunu bildirərək, üzr istəyib.