Kanada xarici işlər naziri Melani Coli Torontoda fəaliyyət göstərən çinli diplomat Zhao Veyi “persona non qrata” elan edib.
Azinformasiya.az BBC-yə istinadən xəbər verir ki, Çin diplomatı Kanada parlamentinin üzvü Maykl Çonqa hədə-qorxu gəlmə sxemində iştirak etməkdə ittiham edilir.
Kanada hökumətinin müvafiq addımı ölkə kəşfiyyatının “Globe and Mail” qəzetində dərc edilmiş hesabatından sonra addım atdığı bildirilir. Sözegedən yazıda çinli diplomat Zhao Pekinin uyğurlara münasibətini tənqid etməsindən sonra kanadalı deputat Maykl Çonq barəsində məlumat toplanmasında iştirak etdiyi qeyd olunub.
Əlavə olunub ki, Kanadanın kəşfiyyat idarəsi Çinin Maykl Çonqun anti-Çin mövqeyinin qarşısını almaq məqsədilə onun Honq Konqdakı qohumları barəsində məlumat əldə etməyə çalışmasına inanır.
Kanadalı siyasətçi Maykl Çonq 2021-ci ildə parlamentdə Çinin uyğurlara qarşı rəftarını soyqırım elan edən təklif irəli sürüb. Təklifdən qısa müddət sonra Çin ittihamları rədd edib və Çonqa sanksiya tətbiq edib.
Kanada XİN rəhbəri Coli hər hansı ölkənin Kanadanın daxili işlərinə istənilən forma ilə müdaxiləsinə tolerantlıq göstərilməyəcəyini, çinli diplomatın ölkədən çıxarılması ilə bağlı qərarın isə bütün faktorlar nəzərdən keçirildikdən sonra qəbul edildiyini bəyan edib.
Çinin Ottavadakı səfirliyi diplomat Zhaonun ölkədən çıxarılmasını qınadığını, qətiyyətli cavab tədbirinin görüləcəyini bəyan edib.
Azinformasiya.az