Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil olunmasından imtina qaydaları müəyyənləşib

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib.

Azinformasiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.

Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycanın Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir.

Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir.

Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur.

Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

– Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda;

– fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

– fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;

– hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda;

– fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda;

– loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda.

Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

– ali təhsili olmadıqda;

– fəaliyyət qabiliyyətli olmadıqda;

– ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə;

– məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

– media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);

– Reyestrə daxil edilməmiş media subyektində işlədikdə;

– işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

– fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;

– işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda;

– jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə;

– jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə;

– fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə.

Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur.

Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Agentliyə təqdim olunur və aparılmış dəyişikliklərin yenidən Reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Reyestrə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə verilir.

Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 (üç) il müddətinə verilir.

Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi verilir.

Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 (üç) iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunur.

Vəsiqədəki məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu aşkar edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itirildikdə onun sahibinin müraciəti əsasında 3 (üç) iş günü müddətində yeni vəsiqə verilir.

Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə vəsiqənin yenidən alınması üçün müraciət etmək hüququna malikdir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 (üç) iş günü müddətində məhv edilməsi üçün Agentliyə təqdim etməlidir.

Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Reyestrdən çıxarıldığı gündən ən geci 3 (üç) iş günü müddətində vəsiqəni məhv edilməsi üçün Agentliyə verməlidirlər.

Reyestrə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

– media subyektinin ərizəsi olduqda;

– hüquqi şəxs olan media subyekti ləğv edildikdə;

– məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;

– fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

– Qanunun 26.1– 26.5-ci (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) və 74.1.5-ci maddələrinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;

– çap mediası subyekti tərəfindən Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;

– Reyestrə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Agentliyə təqdim edilmədikdə;

– audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.

Qanunun 58.3-cü maddəsinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Reyestrdən çıxarılır.

Reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

– jurnalistin ərizəsi olduqda;

– Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;

– ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

– öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

– yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

– işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Reyestrdən çıxarıldıqda;

– fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

Bu Qaydaların 6.17–6.19-cu bəndlərində qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir