İsmayıl Bəqayi: Cənubi Qafqaz regionu İran üçün vacibdir

Cənubi Qafqaz regionu İran üçün vacibdir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi bu gün brifinqdə bildirib.

Bəqayi İran müdafiə nazirinin Bakıya səfərinin və təhlükəsizlik məsləhətləşmələrinin əhəmiyyətini vurğulayıb: “Bu bölgə İran İslam Respublikası üçün çox vacibdir. Biz orada sülh və sabitliyi öz sülh və sabitliyimizin bir forması kimi görürük. Bu səfər bir müddət əvvəl xarici işlər naziri Əraqçinin Bakıya səfərinin davamıdır”.

Onun sözlərinə əsasən, müdafiə nazirinin səfəri zamanı müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub: “Biz hesab edirik ki, bu səfərlər, məsləhətləşmələr region ölkələri arasında etimadın və qarşılıqlı anlaşmanın qorunması və möhkəmləndirilməsi üçün zəruridir.

Müdafiə nazirinin Azərbaycan rəsmiləri ilə söhbətində təhlükəsizlik və müdafiə sahəsində ümumi maraq doğuran geniş məsələlər müzakirə olunub. İnanırıq ki, bu səfər iki ölkə arasında xüsusən də təhlükəsizlik sahəsində etimadı yaxşılaşdıracaq və gücləndirəcək”.

İran XİN sözçüsü ABŞ-ın vitse-prezidentinin Ermənistan və Azərbaycana səfərinə də münasibət bildirib. O, rəsmi Tehranın Cənubi Qafqazla bağlı mövqeyinin çox aydın olduğunu qeyd edib.

Bəqayi İranın “region ölkələri arasında əlaqələrin və kommunikasiya yollarının möhkəmlənməsini hər zaman dəstəklədiyini” vurğulayıb, ancaq “regionun coğrafi və ya geosiyasi sərhədlərinə hər hansı şəkildə ziyan vuran istənilən təşəbbüsün onlar üçün qəbuledilməz” olduğunu diqqətə çatdırıb.

XİN rəsmisi deyib ki, bu, “regional təhlükəsizlik maraqlarına cavab vermir”.

“Ona görə də hər iki qonşu ölkə bizim bu məsələ ilə bağlı narahatlığımızdan və fikirlərimizdən xəbərdardır. Ümid edirik ki, bu mülahizələr istənilən qərar qəbul edilərkən nəzərə alınacaq”, – Bəqayi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir