İraq XİN rəhbəri: İraq terror problemindən əziyyət çəkib, amma müharibədən qalib çıxıb

Hazırda beynəlxalq münasibətlərdə kritik dövrdür. İraq Qoşulmama Hərəkatının prinsiplərini və gələcək fəaliyyətini dəstəkləyir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyn söyləyib.

O, Azərbaycana Qoşulmama Hərəkatına sədrliyi dövründə səylərinə və konfransa görə təşəkkür edib: “QH müxtəlif çətinliklərin öhdəsindən gəldiyini illər ərzində sübut edib. QH çoxtərəfliliyi, qlobal sülhü, həmrəyliyi təşviq edib. Biz çoxtərəfli diplomatiyanı, kollektiv səyləri, əməkdaşlığı dəstəklədiyimizi bir daha bəyan edirik. İraq regional böhranların həlli üçün öz səylərini, həll yollarını təklif etməyi davam etdirəcək”.

İraq XİN rəhbəri İraqın regionda münasibətlərin normallaşması üçün keçirilən Bağdad konfransını xatırladıb: “İraq ərzaq təhlükəsizliyi, ərzaq qıtlığının aradan qaldırılması üçün çalışır. Biz bu problemi bilirik. Ukraynadakı müharibənin ölkələrə necə təsir etdiyini, bu münaqişənin ərzaq və enerji bazarlarında yaratdığı çətinliklərdən, artan qiymətlərdən xəbərdarıq.

Bu müharibənin ağır humanitar nəticələri var, böyük insan itkiləri var. İraq hökuməti tərəfləri dialoq, diplomatik kanalları açmağa çağırır”.

İraq XİN başçısı beynəlxalq terrorla mübarizənin vacibliyinə də toxunub. O söyləyib ki, İraq torpaqları da bu problemdən əziyyət çəkib, lakin müharibədən qalib çıxıb.

O çıxışında islamafobiya, ksenofobiyanın gücləndiyini deyib və bildirib ki, bu, insan haqları deklarasiyasına, beynəlxalq dəyərlərə ziddir:

“İstənilən dini simvola qarşı hörmətsizlik qəbuledilməzdir, bu qınanmalıdır. Xüsusilə demokratik ölkələrdə bu cür addımlar ifadə azadlığı kimi təqdim olunur, bu, nifrət aktıdır. Azadlıq insan haqlarına, dini inanclara hörməti gözardı etməməlidir. İraq ən qəti şəkildə belə insidentləri pisləyir. Ən son belə akt İsveçdə baş verdi. Beynəlxalq ictimaiyyəti belə xain hərəkətləri qınamağa çağırırıq. Bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır. İraq ölkələri islamafobiyaya, İslama qarşı nifrətlə mübarizəyə çağırır”.

İraq xarici işlər naziri Fələstindəki vəziyyət barədə də danışıb. O bildirib ki, Cenin düşərgəsində törədilənlər qəbuledilməzdir: “İraq hökuməti təcavüzü pisləyir və biz Fələstin xalqı ilə həmrəyliyimizi ifadə edirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir