İran XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücum barədə danışıb: Bu işlə bağlı məhkəmə qərar verəcək

Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin öhdəsində olduğunu qəbul edirik.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hücumu barədə danışarkən bildirib.

Onun sözlərinə əsasən, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb.

Nazir, bu yaxınlarda İran Baş prokurorunun müavininin Azərbaycana səfər etdiyini xatırladıb.

“Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin öhdəsində olduğunu qəbul edirik. Bundan əlavə, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, ancaq müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra sonrakı addımlar atılacaq”, – XİN başçısı vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir