İran Rusiyaya milyardlarla dollar dəyərində raket və silah satıb

İran Rusiyaya 4 milyard dollar məbləğində silah-sursat satıb və bunun 2,7 milyard dollarını Ukraynaya qarşı müharibədə istifadə olunmaq üçün ballistik və hava hücumundan müdafiə raketləri təşkil edir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Bloomberg“ adı açıqlanmayan Qərb təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, 2,7 milyard ABŞ dolları dəyərində paketə yüzlərlə “Fath-360” qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raket və hava hücumundan müdafiə sistemləri üçün 200 yer-hava raketi daxil olub. Bundan başqa, Tehran Rusiyaya milyonlarla ədəd sursat və artilleriya mərmisi göndərib.

2023-cü ilin əvvəllərində isə hər iki ölkə arasında əlavə 1,75 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb. Bu müqavilə “Şahed-136” kamikaze dronlarının tədarükünü və onların Rusiya ərazisində “Geran-2” adı altında istehsalı üçün texnologiyanın ötürülməsini əhatə edib.

Qeyd edilib ki, bu rəqəmlər son deyil, çünki əlavə silah tədarükləri gözlənilir.

Bildirilib ki, Moskva ilə Tehran arasında əməkdaşlıq Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan əvvəl başlayıb. İlk raket tədarükü müqavilələri 2021-ci ilin oktyabrında imzalanıb.

Rusiya və İranın 2025-ci ilin yanvar ayında strateji tərəfdaşlıq müqaviləsi imzalamasına baxmayaraq, sənəddə qarşılıqlı müdafiə ilə bağlı heç bir öhdəlik yoxdur. Həmçinin qeyd etmək lazımdır ki, Moskva 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə zamanı Tehrana heç bir əhəmiyyətli yardım göstərməyib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonundan bəri İran iqtisadi böhran səbəbindən başlayan və hökumət əleyhinə üsyana çevrilən kütləvi etirazlarla əhatə olunub. İnsan haqları qruplarının məlumatına görə, 500-dən çox insan öldürülüb, 10 mindən çox insan həbs olunub.

Bu ölkə miqyaslı etirazlar fonunda ABŞ, İsveç və Fransa ölkədə kritik təhlükəsizlik vəziyyəti barədə xəbərdarlıq edərək vətəndaşlarını təxliyə etməyə başlayıblar .

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, əgər etirazçılar öldürülərsə, Vaşinqton Tehrana qarşı “çox sərt” zərbə endirəcək və İran “ağır bədəl ödəyəcək”.

Ukrayna lideri Volodimir Zelenski isə “İrandakı hadisələri “üsyan” adlandırıb və beynəlxalq ictimaiyyəti Rusiyaya silah verən rejimi devirmək üçün iranlılara kömək etməyə çağırıb”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir