“Azərbaycana aid olmayan ən azı üç məlumatlı yüksək vəzifəli mənbənin mənə verdiyi məlumata görə, 2020-ci il sentyabrın 20-si ilk zərbəni məhz Ermənistan Silahlı Qüvvələri artilleriya və reaktiv yaylım atəş sistemlərindən istifadə edərək Azərbaycan ərazisinə endirib”.
Azinformasiya.Az xəbər verir ki, bunu “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko öz rəsmi teleqram kanalında yazıb.
Korotçenkonun sözlərinə görə, bu təxribatın ideyası Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2020-ci ilin avqustunda hazırlanıb və təsdiq edilib.
“İrəvanda düşünürdülər ki, erməni tərəfinin təşəbbüskarı olduğu atışmalar 5-6 gün davam edəcək və hər şey bununla başa çatacaq. Ermənistan isə növbəti dəfə öz “cəsarətini və gücünü” nümayiş etdirəcək”, – deyə İ. Korotçenko yazıb.
O qeyd edib ki, Bakıda isə buna cavab olaraq təxribatçını tam cəzalandırmaq barədə qərar qəbul edildi və ən qətiyyətli məqsədlərlə “Dəmir yumruq” əks-hücum əməliyyatı başladı: “Hərbi əməliyyatların 5-ci günündə Ermənistanın Müdafiə Nazirliyi artıq hərbçilərə mərkəzləşdirilmiş idarəetməni itirmişdi. 44 gündən sonra Ermənistan ordusu darmadağın edilmişdi, İrəvan isə kapitulyasiya etməli oldu”.