İlham Əliyevdən II Elizabetin vəfatı ilə bağlı başsağlığı

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trassa başsağlığı verib.

Azinformasiya.Az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli xanım Baş nazir,

Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqının parlaq siması idi.

Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafelərə ürəkdən bağlılığı, xalqına təmənnasız xidmət, dövlətə hədsiz sədaqət nümunəsi ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

***

Prezident İlham Əliyev, həmçinin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza başsağlığı verib.

Başsağlığında deyilir:

“Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Şərəfli ömür yolu ilə örnək olan Kraliça ümumbəşəri ideallara daim sadiq qalaraq, möhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlər göstərmiş, Vətəninə hədsiz bağlılığı və məhəbbəti ilə bütün dünyada böyük nüfuz və rəğbət qazanmışdır.

2009-cu ildə Kraliça ilə görüşümü hər zaman ən xoş təəssüratlarla xatırlayacağam.

Əlahəzrət,

Bir daha Sizə və ailənizin üzvlərinə, Birləşmiş Krallığa və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir