“Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir”.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.
“Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır”, – Prezident bildirib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir:
“Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.