“Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Azərbaycan bu istiqamətdə ilk addımı atmaq üçün artıq öz təkliflərini irəli sürüb və bu məsələni Gürcüstan tərəfi ilə müzakirə edib. Gürcüstan hökuməti dialoqu başlatmaq üçün Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Lakin Ermənistan tərəfi bundan imtina edir. Bunun səbəbini bilmirəm və heç bir əsaslı izah tapa bilmirəm.
Bildiyim qədər, hətta Avropa institutlarından biri də bu təkliflə çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq”, – dövlət başçısı vurğulayıb.