Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
Prezident qeyd edib ki, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər: “Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq”.