Hindistan Baş naziri: Hindistan Ukraynada sülhün tərəfdarıdır

Hindistan Ukraynada sülhün tərəfdarıdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

Hindistanın Baş naziri Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb. Onun sözlərinə əsasən, Hindistan Ukrayna məsələsində neytral mövqedən çıxış etmir, lakin sülhün, beynəlxalq hüquqa və suverenliyə hörmətin tərəfdarıdır, eyni zamanda münaqişənin sülh yolu ilə nizamlanmasına müvəffəq olmaq üçün bütün real cəhdləri dəstəkləyir.

“Bütün ölkələr beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət etməlidir, bütün münaqişələr diplomatiya və danışıqlar yolu ilə həll edilməlidir”, – Modi vurğulayıb.

Hindistanla ABŞ arasındakı münasibətlər barədə danışan Baş nazir ABŞ Prezidenti Co Baydenlə arasında böyük etimaddan söz açıb və xüsusilə iki ölkə arasında tərəfdaşlığın sütunlarından biri kimi müdafiə sahəsində əməkdaşlığı qeyd edib. Bundan başqa, Modi ticarət, texnologiya və enerji sahələrindəki əməkdaşlığı digər önəmli qarşılıqlı fəaliyyət sahələrinə aid edib.

Qeyd edək ki, Hindistan Baş naziri Narendra Modi 21-24 iyun tarixlərində ABŞ-a dövlət səfəri edəcək və səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir