Bu gün Milli Cəbhə Partiyası (MCP) talassemiyalı uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirib.
“Cebheinfo.az” xəbər verir ki, “Talassemiyasız həyat naminə” adlı aksiya bu gün partiyanın mərkəzi qərargahında baş tutub.
Səhər saatlarından başlayan aksiyada ilk olaraq həkim-hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb.
Daha sonra onlardan qaydalara uyğun olaraq qan nümunələri götürülüb. Toplanan qan nümunələri müvafiq laborator analizlər aparıldıqdan sonra qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev də qanvermə aksiyasında iştirak edib. Partiyanın təşəbbüsü ilə talassemiyalı xəstələr üçün qanvermə aksiyasından danışan millət vəkili “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qərargaha aksiyada işttirak etmək üçün xeyli insan toplaşıb:
“Sevinirik ki, Milli Cəbhə Partiyasının təşəbbüsü ilə keçirilən qanvermə aksiyası nəticəsində onlarla talassemiya xəstəsi rahatlıq tapacaq.
Həmin qan onların sağlamlığı, yaşaması üçün istifadə olunacaq. Bu, bir partiya olaraq bizim üçün də önəmlidir. Çünki partiyalar həm də cəmiyyətə lazım olan pozitiv aksiyalarda da iştirak etməlidirlər. Cəmiyyətin yaddaşına həm də müsbət əməlləri ilə köçməlidirlər.
Bu baxımdan, Milli Cəbhə Partiyasının keçirdiyi qanvermə aksiyası vacibdir və ümid edirik ki, bu təcrübədən istifadə edərək digər təşkilatların, partiyaların üzvləri, vətəndaşlar da qanvermə aksiyasına qoşular.
Çünki bəzən bir nəfərin verdiyi qan başqa bir insanın həyatını xilas etmiş olur. Mən bu aksiyanın təşkilində bizə kömək göstərmiş Səhiyyə Nazirliyinə, Respublika Qan Bankına təşəkkür edirəm”.
Qanvermə aksiyasının iştirakçılarından biri də Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev olub. Partiyanın məqsədinin talassemiyadan əziyyət çəkən uşaqlara qan tədarükü olduğunu deyən Ehtiram Mehdiyev bildirib ki, bu, həm humanitar, həm də ictimai məqsəd daşıyır:
“Məqsədimiz sadəcə donorları təşviq etmək yox, eyni zamanda, donor mədəniyyətini də cəmiyyətə aşılamaqdır. Çünki partiyalar arasında Yeni Azərbaycan Partiyasından sonra ilk partiya olaraq biz qanvermə aksiyasına qoşulmuşuq. Bu da talassemiyadan əziyyət çəkən uşaqlara bir dəstəkdir.
Çünki oradakı uşaqların hər biri bəlkə də bir ümidlə o qanı gözləyir. Donorların həmin qanı verməsi Ramazan ayında həm də xeyriyyə məqsədi daşıyır. Bu aksiyada əziyyəti keçən hər kəsə, o cümlədən Səhiyyə Nazirliyinə və Respublika Qan Bankına təşəkkürümü bildirirəm”.
Qanvermə aksiyasında iştirak edən ilahiyyatçı Turan İrfan bildirib ki, belə qanvermə aksiyaları mütəmadi olmalıdır:
“Milli Cəbhə Partiyası olaraq talassemiyalı xəstələr üçün bu aksiyanın keçirilməsinə təşəbbüs göstərmişik. Eyni zamanda, Ramazan ayı başlamaq üzrədir.
Bu, həm himanitar dəstək kimi və mənəvi dəyərlərimizə hörmət olaraq dəyərləndirilməlidir. Bu cür aksiyalar mütəmadi olaraq ictimai təşkilatlar tərəfindən keçirilsə, yaxşı olar. Çünki ehtiyacı olan insanlara yardım etmək hər bir müsəlmanın borcudur. Bu baxımdan da belə aksiyalar davamlı olmalıdır.
Biz bu aksiyanı keçirməklə həm də bir həvəsləndirmə, iz açmaqdır ki, digərləri də belə aksiyaları davamlı olaraq həyata keçirsinlər. Doğrudur, ölkədə bir çox aksiyalar olur.
Məsələn, Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsi və digər təşkilatlar belə aksiyalar keçirir və yaxşı olar ki, davamlı olsun. Çünki talassemiyalı və digər qana ehtiyacı olan xəstələrimiz çoxdur.
Ona görə də hesab edirəm ki, belə aksiyalarla bağlı təşəbbüskarlıq mütləq olmalıdır”.
Məlumat üçün bildirək ki, aksiyanın tərəfdaşları arasında “Cebhe.info” Xəbər Portalı da var.
Azinformasiya.az