Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Gürcüstan səfirinə məsləhətləşmələr üçün Tbilisiyə qayıtmaq tövsiyəsini münasibətlərin kəskinləşməsinin ifrat forması adlandırıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilib.
“Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirini məsləhətləşmələr məqsədilə ölkə ərazisini tərk etmək qərarından dərin narahatlığını ifadə edir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı bu addımı atır.
Ukrayna hakimiyyətinin göstərdiyi səbəb bu qərarı xüsusilə anlaşılmaz edir. Strasburq məhkəməsinin qərarı məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrə son qoyub və bu, Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən qorunmasının ən yüksək standartlara uyğunluğunu bir daha təsdiq edir. Bu tip hadisələrin fonunda Ukrayna hakimiyyətinin qərarı iki ölkənin strateji münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gətirir və müstəqil dövlətin daxili işlərinə birbaşa müdaxiləni ifadə edir. Ümid edirik ki, rəsmi Kiyev öz qərarına yenidən baxacaq və iki ölkə arasında tarixi dostluq münasibətlərinin daha da inkişafı üçün səy göstərəcək. Bir daha vurğulamaq istərdik ki, Gürcüstanın Ukraynanın və Ukrayna xalqının ərazi bütövlüyü və suverenliyinə dəstəyi sarsılmazdır. Müharibə başlayandan bəri Gürcüstan Ukraynaya həm ikitərəfli səviyyədə, həm də müxtəlif beynəlxalq formatlarda siyasi və humanitar dəstək verir. Rusiyanın hərbi təcavüzü şəraitində ən çətin anlarda belə Gürcüstanın Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmaması da əlamətdar haldır.
Bu gün Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili də Tbilisinin rəsmi mövqeyini Ukrayna tərəfinə çatdırıb. Bir daha vurğulamaq istərdik ki, Gürcüstan gələcəkdə də müharibə şəraitində olan Ukraynaya həmrəyliyini və dəstəyini ifadə etməkdə davam edəcək. Məhz Ukrayna müharibənin aktiv fazasında olduğuna görə beynəlxalq münasibətlər və xüsusilə də tərəfdaşları qarşısında böyük məsuliyyət daşıdığını dərk edən Gürcüstan tərəfi bu mərhələdə Ukraynanın atdığı addımlara cavab olaraq hər hansı əlavə reaksiyadan çəkinir və bundan sonra ikitərəfli münasibətlərin kəskinləşməsi, onsuz da mövcud olan çətin vəziyyəti dalana dirəyəcək”, – qeyd olunub.
Qeyd edək ki, bu gün səfir Georgi Zakaraşvili Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin vəziyyətinin xeyli pisləşməsi ilə bağlı Ukrayna Prezidentinin etirazının çatdırılması üçün Nazirliyə dəvət olunub. Gürcüstan səfirinə məsləhətləşmələr aparmaq üçün Tbilisiyə qayıtmaq tövsiyə olunub.
Azinformasiya.az