Gürcüstan Prezidenti Salome Zurabişvili “Mtavari Arxi” telekanalının həbsdə olan baş direktoru Nika Qvaramianı əfv edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.
Prezident qərarına izahat verməyəcəyini, çünki əfv sərəncamı imzalamasının onun diskresion hüququ olduğunu qeyd edib.
“Bu gün mən Nika Qvaramianın əfv sərəncamını imzaladım. Bu qərarı iyunun 19-da Ali Məhkəmənin kassasiya şikayətini rədd etməsi ilə bütün hüquqi yolların tükənməsindən sonra qəbul etdim. Mən bu qərara hər hansı bir izahat verəsi deyiləm, çünki bu gün öz diskresion hüququmdan istifadə etmişəm”, – Zurabişvili söyləyib.
Zurabişvili, həmçinin qeyd edib ki, iyunun 19-da Ali Apelyasiya Məhkəməsi Qvaramianın azadlığa buraxılması ilə bağlı şikayəti rədd edib və beləliklə, onun azadlığa buraxılması üçün bütün hüquqi alətlər tükənib, buna görə də özü bu addımı atmalı olub.
Qeyd edək ki, 2020-ci ilin sentyabrında Gürcüstanın Baş prokurorluğu “Rustavi 2” işi üzrə Nika Qvaramiaya qarşı ittiham irəli sürülüb. Nika Qvaramia əvvəlcədən əlbir olaraq “Rustavi 2” telekanalına məxsus külli miqdarda vəsaiti mənimsəməkdə, saxta sənədlərin hazırlanmasında, qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında ittiham edilib. Tbilisi Şəhər Məhkəməsi 2022-ci ilin 16 mayında Qvaramianı təqsirli hesab edərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Azinformasiya.az