Yarımkeçiricilər fizikası sahəsində görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevin 90 yaşı tamam olur.
Arif Paşayev 15 fevral 1934-cü ildə Bakı şəhərində görkəmli yazıçı, tanınmış ziyalı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. O, Odessa Elektrotexniki Rabitə İnstitutunda radiofizika ixtisası üzrə ali təhsil almış, əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlamış, Azərbaycan Milli Elmlər Akademiyasında davam etdirmişdir. 1958-ci ildə AMEA Astrofizika sektorunda kiçik elmi işçi, 1959-cu ildən etibarən Fizika İnstitutunda kiçik elmi işçi (1959-1961), böyük elmi işçi (1966-1971), Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları və Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki- texniki problemləri laboratoriyalarının müdiri vəzifəsində (1971-ci ildən) çalışmışdır. Akademik Arif Paşayev 1996-cı ildən “Azərbaycan Hava yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektoru vəzifəsində işləyir.
Akademik Arif Paşayev 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiq perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. Görkəmli alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Akademik Arif Paşayevin elmi fəaliyyətinin əsas istiqaməti yarımkeçiricilər fizikası və yarımkeçirici cihazların tədqiq edilməsidir. O, yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti, yürüklüyü və s.) ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan cihazlardan silindr şəkilli yarımkeçirici şayba və hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma” seriyalı cihazı, yüksək aşgarlanmış yarımkeçiricilərin və yarımmetalların kontaktsız tədqiqi üçün “RO” seriyalı cihazı, lövhə və silindirvari nümunələrin qeyri- bircinsliyinin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazları və s. qeyd etmək olar.
Akademik Arif Paşayevin elmi tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənilməsi məsələsinə həsr edilmişdir. O, ilk dəfə olaraq 1993-1997-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Görkəmli alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların parametrlərini hərtərəfli şəkildə araşdırmışdır. Alınmış nəticələrə dair məqalələr bir sıra xarici ölkənin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir. O, müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmışdır. Elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend və s. bu işlər sırasına aiddir. Dəqiq, inteqral miniatür çevricilərin, temperatura, təzyiqə, nəmliyə, gücə, təcilə, aşınmaya və titrəyişə həssas elementlərin yaradılması sahəsində də Arif Paşayev mühüm nəticələr əldə etmişdir. Bu elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında istifadə olunur. Hərarətölçən, möhkəm gövdəli “Dalğa” qurğusu, “Tranzistor” seriyalı elektron termometr, yüksək cəldliyə malik termometr, “Dalğa” seriyalı inteqral təyziqölçənlər və “Kremni” seriyalı elektron manometrlər, endoskopik tədqiqatlar üçün termometrlər, təzyiq və temperatur ölçənlərin tədqiqi üçün stend və s. bu qəbildən olan yeniliklərdir.
Akademik Arif Paşayevin elmi rəhbərliyi ilə Azərbaycan elm tarixində ilk dəfə olaraq radio ilə idarəolunan, pilotsuz uçuş aparatı, minaların axtarılması və zərərsizləşdirilməsi üçün radio idarəedici robot yaradılmışdır.
Akademik Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. Funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi keçən əsrin sonunda ilk dəfə olaraq akademik Arif Paşayevin elmi məktəbində aşkarlanmış və öz inkişafını tapmışdır.
Akademik Arif Paşayev 500-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, 60-dan artıq ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifidir. Alimin məsləhətçiliyi və rəhbərliyi ilə onlarla elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. O, dəfələrlə Rusiya, Ukrayna, Latviya və Estoniyada, habelə respublikamızda müdafiə olunmuş çoxlu sayda doktorluq dissertasiyası üzrə rəsmi opponent kimi çıxış etmişdir.
Görkəmli elm xadimi, akademik Arif Paşayev Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Eller, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının akademiki və Rusiya Mühəndislik Akademiyasının fəxri üzvü seçilmişdir. O, “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri”, Milli Aviasiya Akademiyasında nəşr olunan “Elmi məcmuələr” jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma” beynəlxalq elmi- kütləvi jurnalın baş redaktorudur.
Elm sahəsindəki yüksək xidmətlərinə görə akademik Arif Paşayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. O, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Alim Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, Akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeni və başqa çoxsaylı diplomlarla təltif olunmuşdur.
Elm və texnika sahəsində böyük elmi nailiyyətlər qazanmış akademik Arif Mir Cəlal oğlu Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmin və təhsilin inkişafı istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edirik!
Azinformasiya.az
Science.gov.az