“Mühəndis qoşunları üçün zəruri hallar yolların, ehtiyac olan istiqamətlər üzrə marşrutların təhlükəsiz vəziyyətdə istismarının təmin olunması, ilk növbədə, qoşunların azad olunmuş ərazilərdə təhlükəsiz hərəkətinin təmin edilməsi, çıxılmış hədlərə, yəni, azad olunmuş ərazilər geridə qalmaq şərtilə dövlət sərhədi boyunca lazım olan və təyin olunmuş istiqamətlər üzrə bölmələrin tərtiblənməsinin və təhlükəsizliyinin təmin edilməsidir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.
O bildirib ki, buna görə də istər minatəmizləmə, istər maneələğvetmə (onların müəyyən tapşırıqlarına və funksional vəzifələrinə görə adlarında da fərq var), istərsə də xüsusi minatəmizləmə mühəndis-istehkam bölmələrinin eyni zamanda işlərə cəlb olunması bir nömrəli tapşırıq idi:
“Əvvəlki təmas xətti ilə yanaşı, düşmən geri çəkilərkən də çoxlu sayda maneələr qurmuş, körpüləri, yolayrıcılarını, dar keçidləri minalamışdı. Düşmən körpünü partladır, suyun sağ və sol tərəfindən keçmək imkanı olan yerləri də minalayırdı. Onlar mümkün olan qədər daha çox ərazidə istehkam işləri aparmışdılar. Qubadlı, Kəlbəcər, Laçın istiqamətlərində, dağlıq bölgələrdə belə bu əngəlləri qurmuşdular. Bütün bunlara baxmayaraq bölmələr irəlilədikcə onların yerləşdiyi, cəmləşdiyi rayonlar yoxlanılır və təhlükəsizliyin təmin olunması işinə xüsusi diqqət yetirilir və tapşırıq ən yüksək səviyyədə icra olunurdu.
Ali Baş Komandanımızın göstərişi əsasında ərazilərin mina sahələrindən və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində ciddi işlərə başlanıldı. İşlərin sürətlənməsi baxımından bu sahə ilə bağlı Dövlət Komissiyası da yaradıldı. Bu məsələdə söhbət təkcə mina sahəsinin təmizlənməsindən getmir, eyni zamanda, döyüş əməliyyatları gedən ərazilərin sursatların qalıqlarından, partlamamış sursatlardan təmizlənməsindən gedir. Bütün bunlar müəyyən qədər təhlükələr yaradır”.