“Ermənistan doğma torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin həyatını təhlükəyə atmaqdan qorxmur”
Bunu Azinformasiya.Az-ın yerli bürosuna açıqlamasında fransalı tədqiqatçı, siyasi elmlər doktoru, Belçikanın Brüssel Azad Universitetinin professoru Sebastian Bussua bildirib.
S.Bussua Ermənistanın Dağlıq Qarabağdakı minaların xəritəsini verməməklə öz torpaqlarına qayıtmaq istəyən məcburi köçkün insanların həyatını təhlükəyə atdığını bildirib:
“Bu məsələdə biz açıq-aşkar beynəlxalq hüquqla tənzimlənən bir problemlə üz-üzəyik. Ermənistan 27 il ərzində Qarabağın işğalı zamanı da bu hüquqa əməl etməyib. Ümumiyyətlə, minalarla mübarizə Birləşmiş Millətlər Təşkilatının “gündəlik” mübarizə apardığı məsələlərdən biridir. 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvləri tərəfindən 2365 saylı qətnamə qəbul edilib və bu zaman üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərinə bir daha hörmət etməyə çağırılıblar. Burada müharibədən qalan partlayıcılar, ev şəraitində hazırlanmış partlayıcı qurğuları və ümumiyyətlə, mülki şəxsləri, hüquq-mühafizə orqanlarını və hərbi qulluqçuları riskə atan bütün sursatlar nəzərdə tutulub. Mətndə bildirilir: “Silahlı qarşıdurmaların bütün tərəfləri beynəlxalq humanitar hüquqa zidd olan partlayıcı qurğuların istifadəsinə dərhal və qəti son qoymalıdırlar”. Bu, mülki əhalinin və xüsusilə uşaqların qorunması deməkdir. Bu cihazların məhv edilməsi prioritet bir məsələdir. Ermənistan bunu etməli idi. Lakin indi Azərbaycan ərazini minalardan təmizləməyə hazırdır, ancaq xəritəsiz necə etmək olar?”.