Fransa XİN başçısı ölkəsinin BRICS sammitinə dəvət olunmaq arzusunu təsdiqləyib

Fransanın xarici işlər naziri Katrin Kolonna avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRICS sammitinə Fransanın dəvət olunmaq arzusunu təsdiqləyib.

 

Azinformasiya.az RFİ-yə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasında səfərdə olan xanım Kolonna bu barədə iyunun 19-da cənubi afrikalı həmkarı Naledi Pandor ilə görüşdən sonra brifinqdə söyləyib.

Katrin Kolonna Fransanın gələcək BRICS sammitinə dəvət olunmaq istəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu mövzu masadadır: “Bu gün bu barədə danışmamışıq, lakin daha öncəki görüşümüzdə danışmışdıq. Biz hesab edirik ki, dialoq həmişə müsbətdir, hətta hər mövzuda 100% razı olmasanız belə, bir-birinizi başa düşmək və həll yollarını tapmaq üçün danışmaq lazımdır”, – deyə o qeyd edib.

“Biz yüksək səslə düşünürük, bunu ifadə edirik, ancaq aydındır ki bu, təkcə müvafiq ölkələrin verə biləcəyi bir qərardır – bu dialoqu, bəlkə BRICS sammitində və ya başqa formatda davam etdirmək olar”, Fransa XİN rəhbəri diqqətə çatdırıb.

Qeyd edək ki, bir neçə gün öncə Fransa mediası diplomatik mənbələrə istinadən məlumat yaymışdı ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Afrika Prezidentindən onu BRICS sammitinə dəvət etməyi xahiş edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir