Fransa XİN başçısı: Heç nə Qəzzadakı faciəyə haqq qazandıra bilməz

Fransanın xarici işlər naziri Stefan Sejurne İordan çayının qərb sahilində israili məskunlaşanların zorakılığının dayandırılması barədə çağırış edib.

 

Azinformasiya.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Fransa XİN başçısı Yerusəlimdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz, eyni zamanda İordan çayının qərb sahilində münaqişənin alovlanmasına imkan verməmək üçün hər hansı eskalasiya riskinin qarşısını almalıyıq. Zorakılığa səbəb ola biləcək hər hansı addım atmaq qərarından və ya bəyanatdan çəkinmək çox vacibdir. Fələstin ərazilərində məskunlaşanların zorakılığına son qoyulmalıdır, biz bunu pisləyirik”, – Fransa xarici işlər naziri bildirib.

Bundan başqa, Sejurne “Fələstinə qarşı nifrətə səbəb olan hər hansı zorakı bəyanatları”, pislədiyini və “bu bəyanatların İsraildə getdikcə daha çox olduğunu” deyib. Nazir qeyd edib ki, belə bəyanatlar “siyasi liderlər tərəfindən verilir”.

“Heç bir halda nə Qəzzadan, nə də İordan çayının qərb sahilindən fələstinlilərin köçürülməsi ola bilməz”, o vurğulayıb.

Fransalı nazir deyib ki, o, İsrailə dost kimi gəlib.

“İsrailli tərəfdaşlarımızın eşitməkdə çətinlik çəkəcəyi həqiqətləri söyləmək üçün mən buradayam. Artıq dörd aydır ki, qəzzalılar bombardman altındadır, mühasirəyə alınıb və yardımdan məhrumdur… və köçkünlərin əksəriyyəti Rəfah yaxınlığında toplanıb. Heç nə belə faciəyə haqq qazandıra bilməz. Qəzzada davam edən faciə dayandırılmalıdır, beynəlxalq hüquqa uyğun olaraq, dərhal və davamlı atəşkəs olmalıdır və daha çox yardım daxil olmasına şərait yaradılmalıdır”, Fransa XİN başçısı bildirib.

Nazir bunun vacib və təcili olduğunu deyib.

Stefan Sejurne qeyd edib ki, sülh danışıqları yenidən başlasa, iki dövlətin yan-yana dinc yaşaması ilə siyasi həllə müvəffəq olmaq mümkündür. Onun sözlərinə əsasən, İsraillə Fələstin dövlətinin qarşılıqlı tanınması əsas parametrlərdir və bu həmçinin İsrail üçün təhlükəsizlik zəmanətidir.

“7 oktyabr vəhşiliyindən sonra, burada heç kim terroru mükafatlandırmaq barədə düşünmür, ancaq İsrailin dostlarından heç biri fələstinlilərin problemini həll etmədən bu problemi həll etməyi təsəvvür edə bilməz və bu, Fələstin dövləti vasitəsilə baş verəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir