Qarşıdakı 3-4 il ərzində Trans-Anadolu Qaz Kəməri (TANAP) üzərindən Avropaya qaz ixracatı 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacaq.
Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O, qeyd edib ki, TANAP-ın həcminin artırılması həm Türkiyə, həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək:
“Hazırda bununla bağlı fəaliyyətlər davam edir və bu sahənin inkişaf etdirilməsi, yəni istehsalın artırılması lazımdır. Azərbaycanla bizim enerji sahəsində əməkdaşlığımız təkcə TANAP layihəsi ilə məhdudlaşmır. İllərdir ki, sabit formada fəaliyyət göstərən Bakı-Tiflis-Ceyhan boru xətti var. Son illər iki ölkə arasında elektrik ticarəti getdikcə artır. Azərbaycandan Türkiyəyə elektrik enerjisi idxal edilir.
Qarşıdakı dövrdə Azərbaycan öz ərazisindəki, xüsusilə də Xəzər sahilindəki külək enerjisi potensialını dəyərləndirmək istiqamətində ciddi investisiyalar planlaşdırıb. Burda istehsal ediləcək bərpa edilən enerjinin Türkiyə üzərindən Avropaya tranziti də müzakirə etdiyimiz mövzular sırasındadır. Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Türkiyə üzərindən Avropaya qaz tədarükü ilə bağlı iştirakçı ölkələrlə müzakirələr apardıq. Tam mənada deyə bilərəm ki, görüşdüyümüz rəsmilər bu layihəmizə dəstək verəcəklərini ifadə etdilər”.
Qeyd edək ki, Türkiyəyə, oradan isə Avropaya Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.