Estoniya 2027-ci ilə kimi Ukraynaya 1,2 milyard avro məbləğində yardım edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Estoniya Prezidenti Alar Karis bildirib.
Karis bu fikirləri Tallində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Aİ çərçivəsində biz artıq Ukraynaya təxminən 5 milyard avro məbləğində dəstək vermişik. Bu dəstək davam etdirilməlidir. Estoniyanın 2027-ci ilə kimi uzunmüddətli töhfəsi 1,2 milyard avro təşkil edəcək. Ukraynanın daha çox və daha yaxşı silahlara ehtiyacı var”, – Karis vurğulayıb.
O, həmçinin qeyd edib ki, Aİ silah istehsalını artırmalıdır ki, Ukrayna ehtiyac duyduğu hər şeyi “sabah yox, bu gün” ala bilsin.
“Bizim hərəkətlərimiz gələcəkdə Avropada istənilən təcavüzkar müharibənin qarşısını almağa yönəldilməlidir. Müharibə davam etdikcə Ukrayna Estoniyadan dəstək alacaq”, – Karis bildirib
Bundan başqa, Estoniya lideri qeyd edib ki, Estoniya hər il Ukraynaya ölkənin müdafiə büdcəsinin 0,25%-ni verəcək.
“Və biz hamını Rusiya müharibəsini dayandırana kimi Ukraynaya bacardığı qədər yardım etməyə çağırırıq”, – o vurğulayıb.
Azinformasiya.az