Estoniya parlamenti (Riyqikoqu) Gürcüstan prezidentinin, parlamentinin və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Riyqikoqunun saytında məlumat dərc edilib. Bildirilib ki, bəyanatı parlamentin 59 üzvü dəstəkləyib, 9-u isə əleyhinə səs verib.
Bəyanatda “Rusiya Federasiyasının Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən hərəkətləri” pislənilib.
“Son on ildə Estoniya Rusiya Federasiyasının gürcü cəmiyyətinin qütbləşməsinə və Gürcüstandakı demokratik seçkilərə müdaxiləyə dair fəaliyyətlərini artan narahatlıqla izləyir. Ötən ilin oktyabrında zorakılıq və hədə-qorxu mühitində keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının azad iradəsini əks etdirmir. Rusiya Federasiyasının dəstəyini alan hakim “Gürcü Arzusu” partiyası saxta seçkilərin nəticələrindən dövlət institutlarına tam nəzarət etmək, müxalifəti və vətəndaş cəmiyyətini sıxışdırmaq üçün istifadə edir” – deyə bəyanatda qeyd olunub.
Bundan başqa, bəyanatda Estoniya parlamentinin Gürcüstan parlamenti və hökumətinin legitimliyini tanımadığı, Estoniya parlamentinin qanuni prezident kimi yalnız Salome Zurabişvilini tanıdığı və onun ölkədəki konstitusiya böhranına son qoymaq səylərini dəstəklədiyi bildirilib.
Bəyanatda, eyni zamanda qeyd olunub ki, “Parlament Gürcüstanda konstitusiya böhranının həlli və demokratiyanın bərpası üçün qaçılmaz olan yeni parlament seçkilərinin keçirilməsini tələb edən demokratik qüvvələri dəstəkləyir, həmçinin artan Rusiya imperializminin dəstəyi ilə dinc nümayişçilərə qarşı amansız repressiyaları pisləyir və istənilən zorakılığa və ya təqiblərə son qoymağa, eləcə də bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırır”.
Estoniya Parlamenti, həmçinin Gürcüstanda azad və ədalətli seçkilər keçirilənə qədər Gürcüstanın “qeyri-legitim hökuməti” ilə əlaqələrin ciddi şəkildə məhdudlaşdırılmasını, “hədə-qorxu və təqiblərə baxmayaraq azad cəmiyyət adından fəaliyyətini davam etdirən” vətəndaş cəmiyyəti nümayəndələrinə və azad mediaya dəstək ifadə etməyi tələb edib.
Azinformasiya.az