“EŞQİN RƏNGLƏRİ” romanından hissə

Hüseynbala Mirələmovun “EŞQİN RƏNGLƏRİ” romanından hissə…

 NEMƏT

Hər dəfə Gülçin seansa gələndə içimdə qəribə duyğular dalğalanır. Artıq neçə aydır ki, bu kabinetdə həkim-pasiyent münasibətindən daha çox, iki fırtınalı ruhun görüşləri baş tutur. O, içində daşıdığı alovla həm özünü, həm də məni yandırır. Bu alov qarşısında tək həkimlik kifayət etmir. Bəzən kişi olaraq təmkinimi saxlamaq üçün yumruqlarımı var gücümlə düyünləyib özümü sıxıram. Amma bu sıxıntının nə zamansa partlayacağından da qorxuram.
Bu gün o, əvvəlkilərdən fərqli idi. Sanki daxilindəki  görünməz bir qaranlıq kölgə artıq heç nədən çəkinməyərək  ortaya çıxmağa başlamışdı. Gözləri yorğun, baxışları dərin, bədəni tükənmiş halda otağa daxil olmuşdu. Addımları yavaş idi, çiyinləri ümidsizliklə düşmüşdü. Əynindəki qara, qısa don  onu  daha da incə və kövrək göstərirdi.
– Salam, həkim, – pıçıltı ilə dedi.
Səsi o qədər zəif çıxdı ki, sanki nəfəsini belə tükətmək istəmirdi. Ona kresloya əyləşmək üçün başımla işarə etdim. Gözlərinin altında dərin, bənövşəyi kölgələr vardı. Saçlarının səliqəsizliyi, əllərinin əsməsi, dodaqlarının quruluğu mənə çox şeyi deyirdi. Son vaxtlarda seanslardan sonra gül açan Gülçindən əsər -əlamət qalmamışdı, bu dəfə içinə düşdüyü quyunun lap dibində idi.
Əsəbi şəkildə əllərini sıxdı.
– Həkim… Bu dəfə, bəlkə də, sonuncu dəfə gəlmişəm bura…
Bu söz məni diksindirdi. Ürəyim sancdı.
– Niyə belə deyirsən, Gülçin ? – Özümü təmkinli göstərsəm də, səsimdəki titrəyişi gizlədə bilmədim.
O, başını qaldırdı, gözlərindəki boşluq ürəyimi dondurdu:
– Mən artıq bu mübarizədən yoruldum, tükənmişəm, qaranlıq bir quyuya düşmüşəm elə bil. Nə özümü, nə bu həyatı, nə də bu sevgini daşıya bilirəm. Yalçın evlənir… Nişanlanıb, hətta nişanlısının sosial şəbəkədəki  profili qarşıma çıxdı, o, nişan mərasimindən fotolar da paylaşıb. Bax… – Telefonunu çıxarıb barmaqları əsə-əsə hansısa sosial şəbəkədən  mənə fotoları göstərdi.
Baxdım. Yalçın, yanında çəhrayı donlu, saf gülüşlü bir qızla yanaşı dayanmışdı. Yalçın şəkildə o qədər gülərüz düşməsə də, qız sanki xoşbəxtlikdən işıq saçırdı. Gülçin isə bir o qədər bədbəxtliyə düçar olmuşdu.
– Onlar çox xoşbəxt görünürlər… – dedi. Dodaqlarının kənarına acı təbəssüm qondu. – Yalçın, onun gözləri, baxışları, diqqəti, sevgisi, bədəni bir müddətdən sonra tamamilə başqa qadına məxsus olacaq.
Dərin nəfəs aldım. Onun tükənmiş ruhu qarşısında bu dəfə aciz qalmışdım, çünki o, həm də mənim sevdiyim qadın idi.  Mən yalnız dərmanla, sözlə, təsəlliylə ondan getdikcə uzaqlaşan bir kişiyə aşiq olan bu qadını düşdüyü bu quyudan çıxarmağı bacara biləcəkdimmi?
– Gülçin, bunlar həyatın sonu deyil… Gəncsən, gözəlsən, istedadlısan. Hələ yaşanası ömrün irəlidədir. Antidepressant yazacağam, içəndən iki həftə sonra xeyli yaxşılaşacaqsan, – dedim.
O  acı-acı güldü:
– Başqaları üçün həyat davam edir, amma mənim üçün bitib. Həyat mənim üçün dayanıb. İndi nəyi gözləyim? Yalçın hər gün bir az- bir az ovcumdakı buz kimi əriyib gedir, sonra tamamilə həyatımdan yox olacaq.  Artıq  formal olsa da, bir  ailəm də olmayacaq. Böyükkişi artıq vəkillə danışıb, boşanacaq. Deyir, işdən İlkanə adında bir qadınla  tanış olub, yeni ailə quracaq.  Bütün iplər əlimdən çıxıb, üzüaşağı uçuruma gedirəm. Hər şey paramparça olub.
Dərin baxışları boşluğa zillənmişdi. Onun səsi, duruşu, danışığı intihara yaxın insanın təlatümlü ruhunu xatırladırdı.
– Gülçin, sığınası bir sənətin var. Rəsmlərin, emalatxanan, özünə aid yaradıcı dünyan…
Başını yavaşca yellədi:
– Yalçının olmadığı o dünyanı istəmirəm. Rənglər də mənim üçün solub. Ən çox sevdiyim kətanlar indi boş ağ səthlərə bənzəyir. Yalnız bir portreti çəkə bilirəm – Yalçının portreti… Onu çılpaq təsvir edirəm. Hər fırça zərbəsi ilə sanki bədənini əlimlə oxşayıram. Hər xəttdə onu hiss edirəm. Əllərim titrəyə-titrəyə o portreti tamamlayıram. Çünki başqa cür bacarmıram. Onun yanında özümü qürurlu, məğrur tuturam, ona bildirməməyə çalışıram, amma onun bir gün  tamamilə yeni quracağı ailəyə başının qarışıb məni unutması qorxusundan dəli oluram. Onunla ayrılıq ehtimalı belə ürəyimi parçalayır.
Mən bütün savadımı və gücümü toplayıb onu bu zəhərli, ölümcül eşqdən xilas etməliydim. Buna görə də təklif etdim:
– Gülçin, – dedim. – Bəlkə bir müddət stasionar müalicə alasan?  Klinikada, mənim nəzarətimdə yatılı müalicə alasan? Orada səni həm dərmanlarla, həm psixoterapiya ilə daha dərindən müalicə edərik. Ürəyimdə də dedim ki, səni hər an sevgimlə əhatə edib sağaldacağam. Səni bu iki insafsız kişinin ümidinə buraxmayacağam. Ancaq bunları sadəcə özüm eşidirdim.
Əllərini dizlərinin üstünə qoyub, başını aşağı saldı. Bir müddət susdu. Sonra ağır-ağır dilləndi:
– Bəlkə də xəstəxanada yatmaq yaxşı fikirdir… Bəlkə də orada ölüm fikri beynimdən çıxar. Bəlkə də ora ölməkdən xilas edən son sığınacaq olar… Amma indi yox… Bəlkə də Yalçın nişanını atıb qərara gələcək ki, ömürlük mənimlə qalsın? Necə bilirsən?
Məni dəhşət bürüdü. Bütün bədənim soyuq tər içində idi. Bu qadın ölümlə oynayırdı. O, artıq yaşamaqla yaşamamaq arasındakı nazik ipdə gəzirdi.
– Mən dərmanlarını  dəyişəcəm, – dedim. – Ancaq sənin razılığın olan kimi klinikaya yatışını təşkil edəcəm. Xahiş edirəm, buna razılaş, sənin ciddi müalicəyə ehtiyacın var. Sənə kömək etmək üçün hər şeyi edəcəm, Gülçin. Sadəcə məni dinlə, yaşamaq üçün o qədər səbəblərin var ki…
Gözləri doldu. Səsini alçaldaraq, sanki içindən pıçıldadı:
– Bəlkə də… Amma mən yaşamaqla nəfəs almaq arasındakı fərqi çoxdan unutmuşam, həkim…
Bu söz məni büsbütün sarsıtdı. Bu qadının gözlərində artıq yalnız qaranlıq vardı. Onu bu labirintdən çıxarmaq üçün nə qədər gecikmişdim,  bilmirəm. Amma hələ də gec deyildi. Hələ də nəyisə etmək olardı.
Dərmanları yazdım. Ona son baxışla nəzər saldım. Ayağa qalxdı. Qapının ağzında dönüb son dəfə mənə baxdı:
–    Həkim… Yalçını görməsəm, bəlkə də sağalaram. Amma onu bir gün görmədən yaşaya da bilmirəm…
–    Gülçin, dərmanlarını mütləq vaxtında iç, yat dincəl. Evdə fikirləş və mənə qəti bir cavab de, xəstəxanada yatıb sağalmağın lazımdı…Sən hamıya lazımsan…Mənə lazımsan…
Artıq danışmağa söz tapmırdım. Bu qadın ölümün pəncəsindəydi. Böyükkişiyə zəng vurub onu məsələdən hali etmək istədim, sonra fikrimdən daşındım. Özüm Gülçini yola gətirməyə çalışacağam…

BÖYÜKKİŞİ
Həyat adama insan kimi yaşamaq üçün bir neçə dəfə fürsət verir. Əgər o fürsətləri vaxtında görə bilsən, ömrün tamam başqa axara yönəlir. Artıq neçə ildir ki, Gülçinlə eyni evdə, amma ayrı dünyalarda yaşayırıq. Onun fikri rəsmlərində, xəyal aləmində, emalatxanasında. Hələ üstəlik indi də bu Yalçın məsələsi… Gülçin tamamilə dünyadan qopub . Mənə qarşı nə sevgisi , nə də hörməti qalıb.
Mən isə ömrümün boşluğu ilə barışdığım bir vaxtda həyatıma İlkanə girdi. İndi geriyə baxanda düşünürəm ki, İlkanə olmasaydı, bəlkə də bu çürük evliliyi sonsuzadək belə özümlə sürükləyəcəkdim. Amma artıq qərarımı vermişəm.
Bu gün vəkillə görüşdüm. Kağız-kuğuz işləri demək olar ki, düzəlib. Boşanma ərizəsi yazılıb, məhkəmə prosesi üçün vaxt da təyin olunacaq.
Ofisdən evə tərəf maşını sürürdüm. Avtomobilin salonuna radiodan  həzin  musiqi axır, məni xəyallara aparırdı.
Evə girəndə Gülçin yenə iş otağında idi. Əlində fırça, qarşısında yarımçıq qalmış nəhəng kətan, üzümə baxmadan:
– Gəldin? — soruşdu.
Onun məni qapı qarşısında, boynuma sarılıb qarşılamasını heç xatırlamıram. Heç yeni evlənən vaxtımızda da olmamışdı. Əlimdəki sənədləri stolun üstünə qoydum, kresloda əyləşdim.
– Gülçin… Bura gəl, danışmaq lazımdır.
Üzündəki yorğun ifadə əvvəlcədən deyəcək sözlərimi hiss etdiyini göstərirdi.
– Dinləyirəm, – soyuq səslə dedi.
– Mən artıq qərarımı vermişəm. Boşanırıq. Vəkillə danışmışam. Artıq sənədlər hazırdır. Qanuni yollarla sakit, problemsiz bu işi bitirək. Hər ikimiz üçün belə daha yaxşıdır.
Onun gözlərindəki boş baxış dəyişmədi. Sanki çoxdan gözlədiyi, hətta arzuladığı bir qərarı təsdiqləyirdim.
– Oldu, – sadəcə dedi. – Necə istəyirsən.
Bir neçə il əvvəl bu sözü eşitsəydim, bəlkə də ruhum sarsılardı. İndi isə içimdə qəribə bir yüngüllük yaranmışdı. Çünki başqa bir qadının yanında xoşbəxtlik tapmışdım.
İlkanənin adını belə çəkəndə qəlbimə istilik yayılır. O, mənim həyatımın yeni səhifəsi, gözləmədiyim xoşbəxtliyin sahibidir. O gün İlkanə ilə görüşümüz tam fərqli idi. Bu dəfə İlkanənin təklifi ilə şəhərdən kənara- uşaq parkına getdik.
– Böyükkişi, – dedi — bu gün bir az uşaqlıq edək, bütün problemləri unudaq.
Təəccüblə gülümsədim.
– Uşaq parkına? Bizim yaşda? – dedim.
– Niyə də yox? – Şıltaqca cavab verdi. – İçimizdəki uşağı boğmaq olmaz.
Parkın girişində bir-birimizin əllərindən yapışıb içəri daxil olduq. Balaca karusellər, yelləncək, pambıq şəkər satan satıcılar, musiqili uşaq attraksionları… Gözlərindəki şıltaq uşaq təbəssümünü görəndə özüm də illərin yükünü unudub onun ritminə düşdüm.
Əvvəlcə su tapançaları ilə bir-birimizi islatdıq. İslanıb alnına yapışmış  saçları  onu daha da cazibədar göstərirdi. Sonra yelləncəkdə yelləndik. İlkanənin gülüşü parka yayılmışdı. Mən onun gülüşünə baxdıqca daha da bəxtəvər olurdum. O qədər saf, o qədər səmimi idi ki… Sanki bu gülüşlə mənim içimdə illərdir sıxılmış, boğulmuş bütün kədər dağılıb gedirdi.
– Sən belə güləndə, – dedim, – dünya mənə çox gözəl görünür, İlkanə.
– Sən də belə baxanda, – cavab verdi, – özümü dünyanın ən xoşbəxt qadını hiss edirəm..
Parkda böyük, qırmızı şarlar satılırdı, bir cüt aldıq. Sonra şarları göyə buraxdıq. Onların səssiz-səssiz göydə yüksəlməsinə baxarkən İlkanə əlimi sıxdı:
– Bax, Böyükkişi… Keçmişimiz o şarlar kimi uçub gedir. İndi yalnız sən və mən varıq.
O an düşündüm ki, bəli… Mən artıq sevilmədiyim formal evlilikdən çıxıb öz xoşbəxtliyimi tapmışam. Elə bil yenidən doğulmuşam. Sevməyi unutduğumu düşünürdüm, amma İlkanə məni özümdən də gözəl tanıyırmış.
Axşamüstü parkdan çıxanda İlkanə yenə uşaq şıltaqlığı ilə dedi:
– İndi isə dondurma yeməyə gedək. Amma şərtim var: dondurmanı ilk kim yeyib qurtarsa, o, başqasının bir arzusunu yerinə yetirəcək!
Gülərək razılaşdım. Həmin günün uşaq kimi saf, qayğısız əyləncəsi, bu yaşda tapdığım bu təmiz eşq mənə  sevgisiz keçən illərdən sonra həyatın ən dəyərli hədiyyəsi idi.

YALÇIN
…Bizdə toy hazırlıqları sürətlə davam edir. Valideynlərim, qohumlarım – hamı həyəcan içindədir. Anam artıq neçə gündür şəhərdə hər yeri əldən – ayaqdan salıb, bəzək-düzək, qızıl-zinət, cehiz alış-verişi… Evdə o qədər adam var ki, nəfəs almaq belə çətindir.
Süfrə arxasında atam yenə eyni söhbəti açdı:
— Oğlum, yaxşı qız tapdın. Nilufər ağıllı, tərbiyəli ailədən çıxıb. Bizim nəsilə-kökə yaraşan gəlin olacaq.
Anam da təsdiq etdi:
— Allahın əmanəti kimi bax Nilufərə. Gözəl, sakit qızdır,  Allah sizi xoşbəxt eləsin, oğlum…
Mən başımla təsdiq edib susdum. Həmişəki kimi içimdə fırtına qopsa da, zahirdə  sakit görünürəm.
Nilufərlə toyqabağı tez-tez görüşməli oluruq.  Onun sadəliyi, utancaqlığı, təmkinli gülüşü qəribə bir sakitlik gətirir. O gün onu maşınla evinə aparırdım. Sükut içində yol gedirdik. Nilufər birdən- birə dilləndi:
— Yalçın, bilirəm, sən bir az susqunsan. Amma sənin fikirlərini bilmək mənim üçün vacibdir. Sən mənimlə  evləndiyin üçün  xoşbəxtsən?
Sual məni çaşdırdı. Bir neçə saniyə gözlərim yolun işıqlı zolaqlarında dolaşdı. Sonra səsimi toparlayıb dedim:
— Bilirsən, Nilufər, bəzən xoşbəxtlik sakitlikdə gizlənir. Hər şey qaydasındadır.
Nilufər gülümsədi, lakin o gülüşdə bir narahatlıq sezdim:
— Mən çalışacam ki, səni xoşbəxt edim. Özüm də xoşbəxtəm ki, səninlə evlənirik. Valideynlərim də deyir ki, biz bir-birimizə uyğun ailələrik.
Nilufərin səmimiyyəti məni yumşaltdı. Onun qadınlıq hissiyatı ilə içimdəki qərarsızlığı duymasından qorxurdum. Amma o, sanki hər şeyi anlayaraq sadəcə məni itirməmək üçün çalışırdı. Əlimi onun incə barmaqlarının üstünə qoydum:
— Nilufər, sən yaxşı qızsan. Biz hər şeyi birlikdə öyrənəcəyik…
Söhbət orada bitdi. Onu evinə apardım. Maşından düşərkən yenə eyni saf təbəssümlə əl elədi. Amma maşına tək qayıtdığım an bayaqdan beynimdə dolanan ad dilimə gəldi: Gülçin, mənim Gülçinim…
Həmin axşam dözə bilmədim. Mesaj yazdım: “Səni görmək istəyirəm. Gəlirəm emalatxanaya…”
Bir neçə dəqiqə sonra cavab gəldi: “Gəl… Bir ömürdür səni gözləyirəm…”
Emalatxananın qapısını açanda məni qəribə aura bürüdü. Elə bildim sənət, yaradıcılıq emalatxanasına yox, hansısa restorana gəlmişəm.  Rəssamlığa aid nə varsa, bir kənara yığılıb üstünə ağ örtüklər atılmışdı. Üstünə ağ parça sərilmiş kətanlar, tablolar cənazəni xatırladırdı. Emalatxananın ortasındakı böyük stolun üstünə bəyaz örtük salınmış, şahlara layiq süfrə açılmışdı. Stolda quş iliyi, can dərmanı – hər şey vardı. Gülçin əlində buzla dolu qabın içində viski  mətbəxdən gəldi,  məni görən kimi ucadan gülüb əlindəki viskini göstərib  göz vurdu. İçkini stolun üstünə qoyub qucağıma atıldı. Gülərək boynuma sarıldı, mən də onu qucaqladım, amma bu isterik halından daxilən ürkdüm. Əvvəlki halından xeyli fərqlənən halətdə idi. Məni masaya dəvət etdi:
– Gəl, bu gün içək… İçək ki, ağrılar sussun. Bu gün mənimsən, səni heç yerə buraxdı yoxdu. Telefonlara baxmırıq, zənglərə cavab vermirik, fələkdən bir gün oğurlayırıq bu gün, Yalçın!
Mən əlbəttə ki, etiraz etmədim. Onsuz da bu axşam sözlərlə bacara bilməyəcəkdim. Bir neçə qədəhdən sonra Gülçinin dili açıldı. Sevdiyi türk mahnıları otağın hər tərəfində səslənirdi. Sən demə, rəssamlıq istedadı ilə yanaşı, gözəl məlahətli səsi də varmış- Cem Karacaya qoşulub özü də onunla bərabər oxuyurdu:

Ben suyumu kazandım da içtim,
Ekmeğimi böldüm de yedim…
Alkışı duydum, ihaneti gördüm,
Sesim de oldu, sessizliğim de,
Seviştiğim de oldu benim…
Sen de başını alıp gitme ne olur!
Ne olur tut ellerimi,
Hayatta hiç bir şeyim az olmadı senin kadar,
Ve hiçbir şeyi istemedim
Seni istediğim kadar…
Sen de başını alıp gitme ne olur,
Ne olur tut ellerimi…
Oxuyurdu, içirdi, yaxınlaşıb məni çılğınlıqla öpüb yenidən qayıdıb üzbəüz otururdu. Sonra başqa bir musiqinin ritmiylə yavaş-yavaş rəqs etməyə başladı. Əynindəki nazik ipək dondan bədənin cizgiləri incəliklə özünü bildirir, sanki cəmiyyətin seviləsi və söyüləsi bütün qadağalarına meydan oxuyurdu. Səmaya qalxan əlləri melodiyanın ahəngi ilə balaca göyərçinlər kimi havada çırpınır, çılpaq, zərif ayaqları döşəmənin üzərində yüngülcə süzürdü.  Oynaya-oynaya ağlayırdı:
– Yalçın, bəlkə toyuna məni də dəvət edəsən?  İnan ki, bütün toyda məndən gözəl oynayan olmaz… Təsəvvür edirsən, hər şeydən çox sevdiyin, dəli kimi aşiq olduğun kişinin toyunda rəqs edəsən?!
Onun gözlərindən yaş süzülürdü. Həm ağlayırdı, həm gülümsəyirdi. Onun bu ziddiyyətli vəziyyəti, daxili ağrıları vicdanımı sızıldadırdı, məni alt-üst edirdi.
Yaxınlaşıb onu qucaqladım, bərabər rəqs etməyə başladıq… Bədəni titrəyirdi. İşıqları söndürmüşdük, şam işığında musiqilər  bir-birini  əvəz edirdi. Biz isə vəziyyətimizi dəyişmədən bir-birimizə sarılıb rəqs etməyə davam edirdik. Qəfildən göy gurultusu eşidildi. Şimşəklərin parıltısı otağı ani işıqla doldururdu. Hava da sanki Gülçinə bənzəyirdi. Bayaqkı sakit havadan əsər-əlamət qalmamışdı, birdən-birə tufan qopmuşdu. İçimizdəki ehtiras, həsrət və iztirab bizi idarə edirdi. Ona elə sarılmışdım ki, bədənin hər bir əzasını az qala hüceyrələrimdə hiss edirdim. Onu divara sıxdım, şimşək işığında gözlərimiz bir-birinə zilləndi. Dodaqlarımız bir-birini tapdı. İsti nəfəsi üzümə vurdu, boynumu qucaqladı… Şimşəklər kəskin qılınc kimi səmanın sinəsini yarıb keçdi, ardınca qulaqbatırıcı göy gurultusu eşidildi, bir neçə dəfə ardıcıl möhkəm ildırım səsi gəldi. Elə bil göy də yerlə sevişirdi, öz kəskin şimşəklərini yerin bətninə yeridir, qulaqbatıran nəriltisi ilə torpağın qulağına eşqini  “pıçıldayırdı”.  Ardınca yeri isladan selləmə yağış başladı…
…Divanın üstündə tər-su içində uzanmışdıq. Elə bil çöldəki yağış torpağa yox, üstümüzə yağmışdı… Nəhayət, gecənin ortasında hər şey səssizliyə büründü. Yuxuya gedərkən pıçıltıyla dedi:
– Kaş ki, zaman burada dayansın, Yalçın…

GÜLÇİN
Emalatxanam indi mənim vahiməli sığınacağımdır. Burada gündüzlərim gecəyə, gecələrim boşluğa çevrilir. Bəzən saatlarla kətan önündə donub qalıram, bəzən saatlar ərzində birnəfəsə yeni bir tablo bitirirəm. Son günlərdə ardıcıl bir-birindən gözəl əsərlər yaradıram. İçimdə parçalanmış duyğuların səsini yalnız bu divarlar eşidir.
Artıq Böyükkişi ilə rəsmi şəkildə boşanırıq. O, vəkillə görüşüb sənədləri hazırlayıb. Mənə o kağız parçasını təqdim edəndə, sanki içimdəki son bağ da qopdu. Gözlərim o sənədlərə deyil, onun vecsiz baxışlarına ilişdi. Bu illər ərzində cismən mənim yanımda olan, amma heç vaxt ruhən mənimlə olmayan adam indi birdəfəlik həyatımdan gedir. Amma ürəyimdə nə boşanma, nə ayrılıq kədəri var.Çünki mən onsuz da illərdir tənha idim.Biz əslində çoxdan boşanmışdıq.
İndi həyatımda hələlik iki şey qalıb: rəsmlərim və Yalçın. Əslində, indi rəsmlərim də Yalçındır.  Onu çəkirəm, onu yaşayıram, onun üçün nəfəs alıram.İndi işlədiyim əsərlərin hər biri mənim darmadağın olmuş və böyük ayrılığa hazırlaşan ruhumun dilidir.”Sükutun qadını” — başını geriyə atıb, gözlərini yuman qadın təsviridir. Dodaqları arasında sözlər donub qalıb. Çünki onun danışacaq heç nəyi qalmayıb. “Qırıq nəfəs”tablom ürəyində dərin çat yaranmış bir qadının sinəsini açıq göstərir. Sanki sinəsindəki yara fırça ilə deyil, bıçaqla açılıb.”İçimdəki dərya”rəsmim  bütün rənglərin qovuşduğu böyük abstrakt kompozisiyadır. Göy rəngin içində batıb-çıxan narıncı ləkələr var. Hər biri ürəyimdəki boğulmuş arzuların nişanəsidir.”Yalçının portreti” isə bu günlərdə çəkdiyim  əsərlərimin tacıdır. Onu çəkərkən fırçam əllərimin içində titrəyirdi. Onu çılpaq təsvir etmişəm. Əlləri başının arxasında birləşmiş, gözlərində mənə baxan o dərin baxış… O gözlərdə həm güclü kişilik iddiası, həm dədərin  ehtirasvə sevgi sezilir. Dodaqlarının kənarında yarımçıq təbəssüm… Onun çılpaq bədəninin hər xəttini çəkərkən sanki barmaqlarımla onu tumarlayırdım. Onu rəsmdə yaşatmaq həm zövq, həm ağrı idi. Sanki fırça ilə deyil, ürəyimin damarları ilə o kətana  toxunmuşam. Mən bu portreti çəkərkən ağlamışam. Göz yaşım boyaya qarışıb. Bəlkə də bu əsəri satın alacaq bir kolleksiyaçı, bu yaşların izini heç görməyəcək. Amma biləcəkmi ki, bu rəsm boyadan deyil, eşqdən doğulub?
İndi Yalçın toyuna hazırlaşır. O, Nilufərlə yeni həyat quracaq. Mən isə kənardan baxıb məhv oluram.Nilufərin gözlərindəki məsum sevinc, təmiz arzu məni daha da acizləşdirir, o qız günahsızdır. Mən isə özümü bu eşqin günahkarı hesab edirəm. Amma nə edim? Sevmək günahdırmı?
O gecə emalatxanada olanları unutmaq mümkün deyil. Biz içdik, rəqs etdik, ağladıq. Sonra göy gurultusu, yağış, ildırım… Sanki təbiət də bizim ehtiraslı sevgimizə şahidlik  edirdi. O an mən yaşayırdım, var idim…
Amma indi o gecədən sonra daha da tükənirəm. Hər gecə o anları xatırlayıb ağlayıram. Emalatxanam gecələr ağrılarımın məbədi olur. Yenə rəsmlərə sığınıram. Yenə boya qoxusuna, fırçaya, kətana sarılıram.
Bəzən elə olur ki, gecəyarısı boyaları əlimə alıram, bütün divarları, pəncərələri, hətta döşəməni belə rəngləyirəm. Özümü boyayıram. Sonra isə ilıq suyun altında ağlaya-ağlaya bədənimdən boyaları yuyuram.Sanki bu su boyaları deyil, içimdəki ağrını yuyacaq…Amma ağrılar suyla yuyulmur…
Nemət həkimə gedirəm. O məni anlayır. Mən onun yanında danışa bilirəm. O, mənim dərdimi yüngülləşdirməyə çalışır. Bilirəm ki, Nemət məni sevir. Mən isə ona qarşı nə hiss edirəm? Heç nə…
Hər seansda Nemətin baxışlarında onun çırpınışını görürəm. O məni itirməkdən qorxur. Mən isə özümü çoxdan itirmişəm. Yalçını sevirdim, bir müddətdən sonra onu da itirəcəyəm. Bəzən fikirləşirəm: bəlkə də yaşamağın artıq bir mənası yoxdur. Bəlkə də bütün bu ağrılardan xilas olmağın yalnız bir yolu qalıb. Başını götürüb getmək, məni tanıyan hamının həyatından yox olmaq…

MÜƏLLİF
Hamımızın bu həyatda axtardığı xoşbəxtlikdir. Amma hamımızın xoşbəxtlik anlayışı fərqlidir. Eynən bu romanın obrazları kimi…  Gülçin üçün xoşbəxtlik sevgidə və sənətdədir. Onun üçün sevgi — nəfəs almaq kimidir. O, ehtirasla, qadağalarla, daxili parçalanmalarla yaşayır, sevginin eyni zamanda məhvedici bir güc daşıdığını yaşaya-yaşaya öyrənir. İndi Gülçin həm də sevginin və qadağan olunmuş ehtirasın ağrısını yaşayır.Nemət peşəsini sevən, insan psixologiyasının sirlərini araşdıran, kömək etməyə çalışan həkimdir, amma qarşısına çıxan bu iztirab dolu, ehtiraslı qadınla sınanır. Həm xəstəsinin ruhi vəziyyətini düzəltməyə çalışır,  həm də onu qorumaq istəyən bir kişi kimi döyüşür. Lakin bilir ki, Gülçin üçün o, yalnız bir sığınacaqdır, qurtuluş deyil. Nemət könüllü olaraq təktərəfli aşiq olmağın ağırlığını yaşayır… Baxışlarında həm peşəkar məsuliyyət, həm kişi qorxusu, həm də ümidsiz bir sevgi yanır. Gülçinə baxdıqca ürəyi çırpınır. Onu itirməkdən qorxur. Özünü itirməkdən də qorxur.
Böyükkişiisə indi sevgisiz illərinin yorğunluğunu İlkanənin yanında atır. Gülçində tapmadığı istiliyi İlkanədə tapır, özünü bəxtəvər hiss edir. Sadə, şıltaq, saf bir qadında yenidən uşaq kimi gülməyi, həyatın sadə gözəlliklərindən zövq almağı öyrənir.Deməli, sevilmək insana güc, enerji və həyat eşqi verir…
Yalçın isə vicdanla ehtiras arasında qalıb. Onun qəlbində bir tərəfdə Nilufərin təmiz sevgisi dayanır, digər tərəfdə isə Gülçinin yandırıcı ehtirası alovlanır.Emalatxanadakı o gecə — ehtirasın, həsrətin, qadağaların, günahların, peşmanlığın bir araya gəldiyi gecə oldu. Amma səhər açılanda hava sakitləşdi… Yalçın o sakitliyin içində başa düşür ki, sevgidə yalnız ehtiras yox, məsuliyyət də var…
Onların hər biri həyatın içində öz yollarını tapmağa çalışırlar. Həyat belədir. Bu dörd taleyin kəsişməsi həyatın öz hekayəsidir. Kim doğru, kim səhvdir? Kim haqlı, kim günahkardır? Bilinmir. Çünki sevgi nə qanun, nə qayda tanıyır. Amma hər kəsin sevgisi özünə görə doğrudur. Hər kəs öz ürəyində haqlıdır. Çünki sevgi  insan ruhunun ən həssas, ən həqiqi tərəfidir.Bəzən cəmiyyətin qadağaları, bəzən mənəviyyatın sərhədləri, bəzən vicdanın səsi bizi fərqli qərarlara məcbur edir. Bəzən  sevgi üçün böyük ağrılar yaşayırıq.Amma bütün bunlara baxmayaraq insan yenə də sevir, yenə də sevəcək. Çünki sevgi insan olmağın dərin və həqiqi  mahiyyətidir…

(ardı var)

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir